İŞİD-ə qarşı tanklardan sipər çəkən generalı Bakıya niyə göndərdilər...
Xeberler 761

İŞİD-ə qarşı tanklardan sipər çəkən generalı Bakıya niyə göndərdilər...

İŞİD-ə qarşı tanklardan sipər çəkən generalı Bakıya niyə göndərdilər...


Xəbər verdiyimiz kimi Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkənin Bakıdakı hərbi attaşesi, briqada generalı İhsan Başbozkurt geri çağırılıb. Buna səbəb Yüksək Hərbi Şuranın iyulun 29-da keçirilmiş iclasında general Başbozkurtun bir sıra digər generallarla birlikdə ehtiyata göndərilməsinə dair çıxarılmış qərardır. O vaxt "Milliyet” qəzeti yazmışdı ki, ola bilsin Başbozkurt və digərlərinin ehtiyata buraxılmasına səbəb onların hərbi çevriliş cəhdinə qarşı dəqiq mövqe ortaya qoymaması ilə bağlıdır.

General İhsan Başbozkurt isə həmin xəbərlə bağlı redaksiyamızla əlaqə saxlayaraq bildirmişdi ki, onun adının hər hansı formada Fətullah Gülənin şəbəkəsi-FETÖ ilə bağlı çəkilməsinə qəti etiraz edir. Və Bakıdakı vəzifəsindən geri çağırılması 15 iyul hadisələrindən əvvəl onun öz istəyi ilə qərarlaşdırılmışdı.

Virtualaz.org xəbər verir ki, Türkiyə mətbuatı yenə general Başbozkurt barədə yazıb. Lakin bu dəfə generalın Suriya ilə sərhədi İŞİD terrorçularından qorumaqda xüsusi şücaət göstərməsinə baxmayaraq onun Bakıya təyin edilməsinin arxasında FETÖ-nün sərhədə nəzarəti ələ keçirmək planlarının dayandığından bəhs olunur.Olaymedya.com saytının (http://www.olaymedya.com/haber/suriye-siniri-fetoculere-nasil-teslim-edilmis/42558) yazdığına görə 15 iyul hərbi çevriliş cəhdi Türkiyənin Suriya ilə sərhədi qoruyan hərbi birləşmələrinin tamamilə FETÖ-nün nəzarətində olduğunu üzə çıxarıb. Belə ki, Gaziantep və Hataydakı hərbi birliklər son 2 ildə, Şanlıurfa və Mardindəki birliklər isə son bir il boyunca FETÖ-çü generalların komandanlığı altında olub. Onların həmin vəzifələrə təyin edilməsi üçün xidmətdə xüsusi fərqlənən, terrorçuların Türkiyəyə keçməsinin qarşısını almağa çalışan generallar vəzifələrindən müxtəlif bəhanələrlə azad edilib.

15 iyul çevriliş cəhdindən sonra İsgəndərunda dislokasiya olunmuş 39-cu mexanikləşdirilmiş briqadanın komandanı, general Hasan Polat, Şanlıurfadakı 20-ci zirehli tank briqadasının komandanı, general Metin Alpcan, Gaziantepdəki 5-ci zirehli tank briqadasının komandanı Murat Soysal, Mardindəki 70-ci mexanikləşdirilmiş briqadanın komandanı, general Salih Kırhan FETÖ ilə bağlantılarına görə ordudan uzaqlaşdırılıblar.Sayt yazır ki, Türkiyəni daxili savaşa sürükləməyə çalışan FETÖ sərhədə nəzarəti ələ keçirmək üçün işində bacarıqlı olan generalları vəzifələrindən müxtəlif bəhanələrlə uzaqlaşdırıb, yerinə öz adamlarını təyin edib. Suriya ərazisindəki Türkiyə torpağında Süleyman Şah türbəsini İŞİD-çilərdən qorumaq üçün uğurlu əməliyyat keçirən, general rütbəsi aldığı 2012-ci ildən etibarən 3 il ərzində uğurlu fəaliyyətinə görə eyni vəzifədə saxlanılan, Urfada dislokasiya olunmuş 20-ci zirehli tank briqadasının komandanı İhsan Başbozkurt da FETÖ-nun adamlarının önünü açmaq üçün 2015-ci ildə Yüksək Hərbi Şuranın qərarı ilə Azərbaycana hərbi attaşe təyin edilib.

"Türkiyə sərhədini İŞİD və PYD kürd dəstələrinin təhdidlərindən qorumaq üçün sərhədə 150 kilometr uzunluğunda xəndək qazdıran, İŞİD təhdidi altındakı Süleyman Şah Türbəsini uğurlu əməliyyatla köçürən briqada generalı İhsan Başbozkurt "yaxşı işinizə görə mükafatlandırırıq” deyilərək Azərbaycana göndərildi”-sayt yazır.Şanlıurfa polis müdiri Eyüp Pınarbaşı deyib ki, sərhədin FETÖ-çular tərəfindən bilərəkdən İŞİD-ə açılmasından şübhələnir. "İŞİD-ə rəsmən yol açırdılar. 15 iyuldan əvvəlki iki toplantıda 20-ci briqadanın komandanı, general Metin Alpcanla mübahisə etdik. Onsuz da mübahisə edirdik. Biz adamların keçdikləri nöqtələri göstərəndə narahat olurdu və qəsdən inkar edirdi. Çünki İŞİD, PKK və FETÖ-nü eyni mərkəzdən idarə edirdilər”-polis rəisi deyib.

Pınarbaşının sözlərinə görə, 20-ci briqadanın komandanı Alpcan xidmət etdiyi müddətdə bir dəfə də olsun sərhədə baş çəkmədi. "80 tankın Urfanın mərkəzində nə işi vardı, bu tanklar briqadada dayanırdı, amma sərhədə nəzarət etmirdi. 1800 əsgər briqadanın kazarmalarında gözləyirdi. Niyə tankları, əsgərləri sərhədə yerləşdirmirdilər?”-o bildirir.

Bundan əvvəl Hatay valisi Ercan Topaca bildirmişdi ki, 15 iyul hadisələrindən bir həftə əvvəl sərhəddəki 200 əsgər və 7-8 zirehli texnika qərargaha geri çəkilib, nəticədə sərhəd başlı-başına qalıb.

Son xəbərlər