Müzəffər Ali Baş Komandana xalqın etibarı və ehtiramı sonsuzdur
Xeberler 185

Müzəffər Ali Baş Komandana xalqın etibarı və ehtiramı sonsuzdur

Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmüş, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın qan yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qanlı iz buraxmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış,yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı.
Ümummilli liderin layiqli varisi, davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı.
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
Dövlət başçımız tərəfindən Vətən müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirələrinə, onların ailələrinə, qazilərimizə və vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar, sərəncamlar qəbul edilmiş və adiyyatı orqanlara tapşırıqlar verilmişdir. Vitse-prezident Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən xeyli sayda qazimiz xarici ölkələrdə müalicə olunaraq yenidən öz sağlamlıqlarına qovuşublar.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması da bunu deməyə əsas verir.
Aynur Xəlilova – siyasi şərhçi

Son xəbərlər