10
июля
2018
20:07
"İlk qazancım restoranda 5 manat olmuşdu" - Nurayla SƏMİMİ MÜSAHİBƏ
Müsahibim mahnıları youtube üzərində milyonlarla baxış sayı yığan gənc və tanınmış ifaçı Nuray Məhərovdur.
Nurayın BiG.AZ-a səmimi müsahibəsini təqdim edirik:
Nuray, bilirəm ki, sənin sevənlərin, yaxınların sənin səhnəyə gəlişindən xəbərdardır. Amma, səni tanımayanlar da var. İstəyərəm, oxucularımıza bu sənətə gəlişini qısa şəkildə çatdırasan.
Mən Şəmkir şəhərində böyüyüb, boya-başa çatmışam. 8 ildir Bakıda yaşayıram. Bakıya gəlişimin səbəbi uniiversitetə daxil olmağımla bağlı idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuşam. Yalçın Rzazadə kimi sənətkardan dərs almışam. Universitetə qəbul olmağım həm sənətə gəlməyimə, həm də mahnılarımı təqdim etməyimə şərait yaratdı. İlk mahnım "Gedirəm" olsa da, "Doğum günü" mahnımla sevilmişəm. Bu sənətə pillə-pillə gəlmişəm. Və əminliklə deyə bilərəm ki, qalmaqalsız.
Sənətə gəlişiniz asanmı olub?
Xeyr, deməzdim... Bu işin görünən və görünməyən tərəfləri var. Hər ifaçını məşhur edən bir şanslı mahnısı olur. Mənim də dediyim kimi, "Doğum günü" mahnım məni məşhurlaşdırdı.
Sizə də məlumdur ki, xanımlar bəylərdən daha tez məşhur olur. Bunun səbəbi sizcə nədir?
Tarixboyu kişilər əziyyət çəkməyi seviblər, yəqin ondan irəli gəlir. Xanımların gözəlliyi həmişə onlara kömək olub, bundan da ola bilər. Nə deyim başqa ?! ( gülür-red)
Məgər, səhnəmizdə yaraşıqlı kişi azdır?
Məncə var, amma azdır.
Özünüzü yaraşıqlı hesab edirsiniz?
İndi hə... Çünki illər öncə mən artıq kilodan əziyyət çəkmişəm. Hazırda olan bədən quruluşum özümü yaraşıqlı hesab etməyimə şərait yaradır. Özümə diqqət edən biriyəm. Müğənni dediyin hər şeyi ilə seçilməlidir- geyimi, davranışı, səsi hər şey tamamlanmalıdır.
Kişilərin qaş almasına, botoks etdirməsinə necə baxırsız? Səhnə gözəllik tələb edir deyib, onları etmək normaldır?
Bununla bağlı bir nüansı vurğulayacam. Verlişlərdə də demişəm. Mənim qulağımda xal var, elə bilirlər ki, sırğa taxmışam. Sırğa taxanlara, botoks etdirənlərə, qaş alanlara pis baxmıram, çünki heç kimin şəxsi həyatına müdaxilə edə bilmərəm. Amma özüm qəti etmirəm. Hər kəsin şəxsi həyatı var.
Nə zamansa, ehtiyac olsa siz də botoks filan etdirərsiz?
Düşünmürəm. Məni sevənlər məni olduğum kimi sevsin. O qədər yaşlı ifaçılarımız var ki, qırışlarıyla səhnəyə çıxırlar. O özü də gözəllikdir, yetər ki, insanın üzündəki nur qalsın.
Nəzərinizdən yayınmayıb yəqin ki, məşhurlar artıq klip çəkdirmirlər. Ümumiyyətlə, klipə maliyyə ayırmaq istəmirlər. Səbəb nədir?
Niyə də ayırsınlar ki? Klipi təqdim etmək üçün kanalmı var?
Yeri gəlmişkən, Rəhim Rəhimli yeni klip kanalına rəhbər olub.
Rəhim Rəhimlinin stilini, şəhnə şousunu, ifalarını çıx sevirəm. Təbrik edirəm onu və ona ümidlərim çoxdur. İnanıram ki, nəsə yaradacaq. Qarşıdan yeni klipimiz gəlir. Bu barədə məlumat yaxın zamanda verəcəm.
Toylardan aylıq gəliriniz nə qədərdir?
Elə ay olur ki, hər gün toyda elə də olur ki, ayda bir dəfə toyda oluram. Ona görə konkret aylıq gəlirim haqqında deye bilməyəcəm. Yarım saat toyu 3- 5 min arası idarə edirəm. Bütov toya isə getmirəm. Toylardan çox klublarda oluram, ad günləri, partiləri idarə edirəm.
Hansı müğənnini sevərək dinləyirsiz?
Zülfiyə Xanbabayevanı çox sevirəm.
Peşəkarlardam kimlərlə eyni səhnəni paylaşmısız?
Türk müğənnisi Sinan Akçillə, Hali Sezai iş birliyimiz olub. Əmkdar artist Röya Ayxan ilə eyni səhnəni bölüşmüşəm.
Bir az da şəxsi həyatınızdan danışaq. Neçə yaşınız var, ailəlisinizmi?
28 yaşım var. Xeyr, ailə qurmamışam. Amma 30 yaşıma kimi ailə qurmaq fikrindəyəm.
Necə xanımla ailə qurmaq istəyərdiniz?
Həmin xanım təhsilli də ola bilər təhsilsiz də... Əsas daxili keyfiyyətləri yaxşı olsun. Əsas qarşılıqlı sevgi olsun.
Sevgi var?
Əlbəttə, var. Kim deyir ki, yoxdur?!
Bəs, sevdiyiniz varmı?
Var idi, alınmadı ayrıldıq. Mən o insana yetərincə dözdüm. Amma sonunda ayrılmağa məcbur oldum. Çünki, aşırı dərəcədə qısqanc biri idi. Mənsə elə insanla yola gedə bilmərəm.
Sizə uğurlu və istədiyiniz kimi sevgi arzu edərək, keçirəm növbəti suala... Dediz Şəmkirdən Bakıya gəldiz və sənət fəaliyyətiniz elə buradan başladı. Ailənizin imkanı necə idi həmin vaxtlar, ilkin qazancınızı necə əldə etdiniz?
Əlbəttə, şəhərə gələndə imkanlı ailədən çıxmamışdım. Tələbə həyatı yaşayırdım, evim də yox idi. İlk qazancım isə dostumun sayəsində olmuşdu. Restoranların birində oxuyub, beş manat pul almışdım. İndi, şükr Allaha evim də var, gəlirim də yaxşıdır.
Səmimi müsahibə üçün çox sağ olun, Nuray bəy!
Mən də sizə təşəkkür edirəm, çox sağ olun!
Şahidə Tapdıq