14
августа
2016
02:37
“Məşhur olmaq üçün baş rolu ifa etməlisən” - Kazım Abdullayev
Kazım Abdullayev: “Son illərin ən təsirli filmi “Dolu”dur”
Kazım Abdullayev: “Son illərin ən təsirli filmi “Dolu”dur”
Bir çox rolların ifaçısı, məşhur aktyor Kazım Abdullayevin müsahibəsini təqdim edirik.
-Kazım Abdullayev bu sənətdə ilk addımlarını hansı xatirələrlə xatırlayır..?
- Mənim bu sənətə gəlməyim təsadüfi olub. 60-ci illərin uşaqları kimi mən də təyyarəçi (kosmonavt) olmaq istəyirdim. Mən 8-ci sinifdə oxuyanda (bu, 1968-ci il idi) komsomolun 50 illik yubileyi olacaqdı. Mən də təzəliklə komsomola üzv olmuşdum. Bir gün ədəbiyyat müəlimimiz bir necə nəfərin dərsdən sonra onu gözləməyimizi dedi. Bizdən bir necə nəfər qızlar və oğlanlar qaldıq. Dərsdən sonra bizə yaxınlaşıb yubileyə bir şey hazırlamalı olacağımızı tapşırdı və bizə kömək edəcək adamla tanış etdi.
Bu, Akif Əzimov adında cavan oğlan idi. Bizim məktəbi bitirmişdi və İncəsənət Universitetinin aktyorluq fakültəsində oxuyurdu. O bizimlə tanış oldu və dedi ki, mən sizinlə S.Vurğunun “Komsomol poeması”ndan bir parca hazırlayacam. Beləliklə, məşqlərə başladıq. Mənə Şahsuvar rolunu verdi.
Tədbir başa çatdı, hər şey əla keçdi və Akif məlim məni klubda fəaliyyət göstərən dram dərnəyinə dəvət elədi. Düzür getmək istəmirdim, cünki mən cox utancaq idim. Səhnədə o qədər tamaşacının qabağında çıxış eləmək mənə çətin idi. Amma sonra razı oldum və teatr sənətinə səhnəyə bağlandım. 3 il dram dərnəyində sonra, Xalq teatrında məşğul oldum. Artıq məktəbi bitirəndə aktyor olacağımı bilirdim. Sənədlərimi İncəsənət İnstitutuna (AMİU) təqdim etdim və həmin ildə, yəni 1970- ci ildə ali məktəbə daxil oldum. Kurs rəhbərimiz də böyük sənətkarımız Adil İsgəndərov, səhnə danışığı müəlimimiz isə Müxlis Cənizadə oldu. Beləliklə, Elmira xanımın, Akif müəllimin və bir də Balaxanı Mədəniyyət Evinin sayəsində mən bu sənətə qədəm qoydum. Ən qəribəsi də budur ki, mən səhnəyə ilk dəfə Şahsuvar rolu ilə gəlmişəm, məktəb illərində və ilk professional səhnəyə də o rolla çıxmışam. Artıq 40 ildən çoxdur səhnədəyəm. Deyim ki, peşmanam, yox… Düzdür hərdən elə hisslər olurdu. İndi mənə deyəndə yenə bu yolu gedərsən, deyirəm, hə.
-Bu sənətdə yeni- yeni addımlayanda mane olanlar olub?
-Əlbəttə, olub. Mən səhnə fəaliyyətinə başlayanda teatrda, kinoda vəziyyət çox cətin idi. İndiki kimi səhnəyə düşmək, rol almaq asan deyildi. Hamı kimi mən də balaca rollar və epizodlar oynaya -oynaya səhnəyə gəlmişəm. Bizim vaxtımızda baş rol almaq o qədər də asan deyildi. Həm teatrda, həm də kinoda addımlamaq çox çətin idi. Teatrda vaxtlar olub ki, səhnəyə çıxıb bir kəlmə söz demək gənc aktyorlar ücün fəxr idi. Epizodik rolda cəkilmək ücün sınaqdan keçmək lazım idi. Ona görə də yaxşı filmlər və tamaşalar olurdu. Mən indi böyük sənətkarların adını cəkmək istəmirəm, ancaq onların yanında durmaq, onlarla tərəf müqabili olmaq hər bir aktyora şərəf idi. Mənə gəldikdə əlbəttə, gənc yaşlarımda mənə mane olmaq istəyənlər olub, amma mən hec kimə qarşı kin saxlamamışam və calışmışam özüm elə olmayım. Çox şükür ki, olmamışam da. Əksinə, əlimdən gələn köməyi gənclərə göstərməyə calışmışam.
-Azərbaycan kino gününü qeyd etmək üçün hansı filmimizi əsas fakt kimi qeyd edə bilərik? Söhbət bu günümüzün kino sənətindən gedir…
- Kino doğrudanda çox çətin bir sahədir. Baxmayaraq ki, mən ali məktəbdə sırf kino aktyoru fakültəsini bitirmişəm teatrda işləyirəm. Bilirsiniz, əvvəlki kino cəkilişləri ilə indikini müqayisə eləmək çətindir. Əvvəl başqa idi, indi başqa. Əvvəllər film cəkilişinin müəyyən mərhələləri var idi, indi elə vaxt da yoxdur. Son illərin mənə ən cox təsir edən filmi əlbəttə, “Dolu” filmidir. O filmə baxanda əvvəlki kino işləri yadıma düşür. Çox səliqəli ürəklə işlənmiş filmdir. Bu da ona görə belədir ki, Elxan Cəfərov o vaxtin kino işini bilir. Bir də mən kinoşünas deyiləm.
İndiki gənclər calışırlar, kino çəkirlər. Qoy çəksinlər. Nə qədər çox film çəkilsə, o qədər yaxşıdır. Həm təcrübə yığırlar, həm də çəkiliş zamanı bərkə-boşa düşürlər. Bizdə güclü kino məktəbi olub. O məktəbi qaytarmaq lazımdır. Bunun üçün də mütləq dərs kecməli və oxumalıdırlar. Gənclərimizə bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm.
-Eyni səhnəni paylaşmaq istəmədiyiniz aktyorlar var..? Çox güman ki, var…
-Çox sərt bir sualdır. Bilirsiniz mən 40 ildir professional səhnədəyəm. Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Dram Teatrı. Bu illər ərzində 100- lərlə rol oynamışam. Həm teatrda, həm kinoda, həm də televiziyada 1000-lərlə filmin Azərbaycan dilinə dublyaj olmasında iştirak eləmişəm. Əlbəttə ki kimləsə ola bilər tərəf müqabili olmaq istəməmişəm. Amma heç bir vaxt bunu onun üzünə vurmamışam. Məndən də kimlərinsə xoşu gəlməyə bilər, bəlkə də var. Amma səhnəyə çıxanda bunu yaddan çıxarmalısan. Həyatda münasibətin olmasa da olar, amma bunu tamaşaçı bilməməlidir. Çox təəssüf ki bizdə o münasibəti hərdən olur ki səhnəyə də gətirirlər. Bu cox xoşagəlməz bir haldır. Ona görə də mən bütün ömrüm boyu calışmışam, indi də calışıram öz həmkarlarımla xoş münasibətdə olum aramızdakı o pərdəni saxlayım.
-Bir aktyor kimi hansı rolu oynamaq arzusundasınız?
-Əlbəttə ki, hər bir aktyorun hansısa rolu oynamaq arzusu olduğu kimi, mənim də belə arzum var. Amma bildiyiniz kimi, biz asılı adamlarıq. Pyesdən, teatrın repertuarından, kinodan, ssenaridən və ən əsas da rejissordan. Mən özümü hansısa rolda görə bilərəm. Əgər o rolu mənə vermirlərsə, mən bu barədə rejissora hec bir vaxt demərəm. Rejissor lap mənim dostum, qardaşım olsa belə. Çünki tamaşa da, film də rejissorundu.
Son dəqiqədə həmin mənə verilən roldan imtina edə bilərəm əgər mənə uyğun deyilsə. Yoxsa demək ki, mən mütləq bu rolu oynamalıyam, yox. Uzağı o rolu oynayan aktyora ikinci ifaçı kimi gələ bilərəm. Bu, teatrda mümkündür, kinoda yox.
-Məşhur aktyor olmaq üçün baş rolun ifaçısı olmaq mütləqdir?
- Əlbəttə, baş rol lazımdır ki, özünü hərtərəfli göstərə biləsən. Düzdü, deyə bilərsiniz ki, rolun böyüyü-kiçiyi yoxdur. Elədir, amma rol da rol olmalıdır. Hə, onda 3-cü adam nə bilim 6 qapıçı olsa, bununla nə özünü nə də potensialını göstərə bilərsən. Əgər yaxşı material olsa balaca rolda da özünü göstərə bilərsən. Hər halda tam özünü sübut eləmək ücün rol gərək yaxşı rol olsun. Aktyor da bacarıqlı aktyor olsun.
- Yaxın gələcəkdə tamaşaçılarınızı hansı yeniliklərinizlə sevindirəcəksiniz?
-Bu yaxınlarda teatrda Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasının premyerası oldu. O tamaşada Hacı Həsən ağa rolunu oynadım. “Dəfnə ağacı” serialında Əkbər müəllim rolu üzərində işimi bitirdim. Bu yaxınlarda yeni seriala dəvət almışam. Yəqin ki 10 günə onun cəkilişləri başlayacaq. Bundan başqa, yəqin teatrda yeni mövsümdə hazırlanacaq tamaşalardan birində məşğul olacam. Bir də əgər vaxt qalsa xarici filmlərin Azərbaycan dilində səslənməsində iştirak edəcəm. Gələcək planlar bu qədər.