16
апреля
2018
13:43
Qazın təzyiqinin azalmasının səbəbi açıqlandı
"Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev “APA-Economics”ə bildirib ki, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə “Azəriqaz” İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
İ.Kərbalayevin sözlərinə görə, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb. "Azəriqaz" rəsmisi əlavə edib ki, bütövlükdə təbii qazla təchizatda problem yoxdur.
“Bu gün də həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan, qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərində, siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə ərazisində fərdi şəkildə şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişində ciddi problem yoxdur. Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin üçün işlər görülür”, - deyə qurum rəsmisi əlavə edib.