14
декабря
2017
18:45
Arvadına zəng edən qonşusunu soyundurub... - Azərbaycanda inanılmaz hadisə
Arvadına mesaj yazamaqda və onu narahat edən şəxsə işgəncə verməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
MAY.AZ Publika.az-a istinadən xəbər verir ki, İstintaq orqanı Mübariz Əhmədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.
“Arvadıma mesaj yazıb”
Təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Əhmədov bildirib ki, Elsevər Məmmədovu tanıyır və onunla həmkəndlidir: “Elsevərin bir müddət əvvəl arvadım Floraya zəng etməsindən və mesajlar yazmasından şübhələnmişəm. Buna görə də aramızda söz-söhbət olub. Lakin dava-dalaş baş verməyib. Elsevərə həmin ərəfələrdə belə bir şeyin təkrarlanmaması üçün xəbərdarlıq etmişəm. Buna baxmayaraq Elsevər yenə də arvadımın istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib və mesaj yazıb”.
“Evimizin pəncərəsinə balaca daş dəydi”
Mübariz Əhmədov bildirib ki, mayın 6-da, saat 15-16 radələrində Elsevər Məmmədovun istifadə etdiyi mobil telefondan arvadı Floranın işlətdiyi nömrəyə zəng gəlib: “Arvadım telefonu yanında açıb və əks tərəfin səsini eşitmişəm. Onun qonşumuz Elsevər Məmmədov olduğunu bilmişəm. Bundan sonra arvadıma zəng vuran və mesajlar yazan şəxsin qonşumuz Elsevər Məmmədov olduğuna əmin olmuşam. Mayın 6-da, saat təxminən 22.30-da evimdə olarkən, həmin vaxt ev telefonuna zəng gəlib. Ev telefonları nömrə tutan olduğuna görə zəngin Elsevərdən gəldiyini gördüm. Bundan sonra evmizin küçə tərəfə olan pəncərəsinə balaca daş dəydi. Dərhal küçəyə çıxaraq Elsevərin küçələrinin başında dayandığını gördüm”.
“Elsevərə ərli qadına nə üçün zəng edirsən, dedim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan əsəbiləşərək qardaşı Asifə zəng vurub və qohumları Zaur Kərimovla birgə evinə gəlməsini xahiş edib: “Bundan sonra qardaşım Asif bizə gəldi. Əhvalatı Asifə danışdım. Bir az sonra isə Zaur öz avtomobili ilə gələrək küçənin başında dayandı. Zaurla telefonda danışaraq maşında dayanmasını dedim. Sonra qardaşımla birlikdə küçəyə çıxdıq. Bu zaman Elsevərin öz evlərinə tərəf getdiyini gördük. Qardaşımla Elsevərin yanına getdik. Ondan söhbət etmək üçün maşına minməsini istədik. Lakin Elsevər əvvəlcə getmək istəmədi. Elsevərə ərli qadına nə üçün zəng edirsən, dedim. Elsevər küçədə söhbətin eşidilməməsi üçün bizimlə birlikdə Zaur Kərimovun “Toyota camry” markalı avtomobilinə əyləşdi. Bundan sonra Zaura avtomobili rayondan kənara sürməsini xahiş etdim”.
“Şəxsiyyətini alçaldan hərəkətlər etməmişəm”
Mübariz Əhmədovun ifadəsinə görə, Kürdəmir rayonu Xırdapay kəndi tərəfə gedərək yoldan xeyli kənara düşüb və orada avtomobili saxlayıblar: “Elsevər avtomobilə əyləşərkən əlində olan mobil telefon yerə düşüb. Həmin telefonu götürdüm və arvadıma aid telefonda nəsə olub-olmadığına baxmaq istədim. Lakin telefon kodda olduğu üçün baxa bilmədim və telefonu Elsevərə qaytardım. Sonra Elsevəri avtomobildən yerə düşürərək “sən, niyə görə mənim ailəmə sataşırsan” deyə soruşdum. Elsevər bunu etiraf etmədi. Buna görə də yumruqla Elsevərin burun nahiyəsindən vurdum. Elsevər yerə yıxıldıqdan sonra onun bədəninin sağ nahiyəsinə təpiklədim. Qardaşım Asif isə Elsevərə bir iki şillə vurdu. Elsevərin üzərində olan paltarları cıraraq özümlə götürdüm ki, kənarda atım. Elsevər Məmmədova qarşı şəxsiyyətini alçaldan hərəkətlər etməmişəm”.
“Arvadı ilə münasibətdə olmağımı düşünüb”
Zərərçəkmiş Elsevər Məmmədov bildirib ki, 2017-ci ilin martında Mübariz Əhmədovla aralarında mübahisə olub, Mübariz Əhmədov həyat yoldaşı Flora Əhmədovanın mobil telefonunda onun nömrəsini gördüyündən ona zəng etdiyini və onunla münasibətimin olduğunu düşünüb: “Mayın 6-da isə axşam saat 23-də dostumun toyundan çıxaraq taksi ilə öz evimə gəlirdim. Küçəmizin başında taksidən düşdüm. Öz evimə gedərək küçə qapısını açmaq istəyəndə iki nəfər məni arxadan tutdu. Onlar məni təpiklə vuraraq küçənin başında dayanan Zaur Kərimovun avtomobilinə mindirdilər. Avtomobilə əyləşdikdən sonra Mübariz və Asif məni yumruqla vurdu. Sonra məni maşında döyə-döyə Kürdəmir rayonunun Sor-sor kəndi ərazisi istiqamətində apararaq orada yoldan çıxdıqdan bir qədər sonra boş sahəyə gətirdilər. Məni avtomobildən yerə düşürtdükdən sonra yerdə hər ikisi yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdilər”.
“Arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm”
Elsevər Məmmədovun sözlərinə görə, gecə qaranlıq olduğundan orada kimin hansı nahiyəsindən vurduqlarını görə bilməyib: “Lakin hər ikisi yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vurublar. Orada Mübarizin arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm. Məni döydükdən sonra Mübariz Əhmədov əynimdəki paltarları cırdı. Sonra məni sahədə lüt qoyaraq getdilər. Lüt vəziyyətdə piyada Kürdəmir şəhərinin dörd yol deyirən yerə gəldim. Oradan da tanımadığım taksi ilə öz evmizə yollandım. Əynimi geyinəndən sonra şikayət etmək üçün Kürdəmir rayon polis şöbəsinə gəldim. Baş verənləri polisə danışmışam”.
“Dedi ki, Elsevəri çöllük əraziyə apardıq, dərsini verdik”
Şahid qismində dindirilən Flora Əhmədovanın sözlərinə görə, hadisədən bir neçə ay qabaq tanımadığı mobil telefondan ona zəng gəlib: “Həmin zaman ərim Mübariz də yanımda olub. Zəng etmiş şəxs səsini çıxardıqda qonşumuz Elsevər olduğundan şübhələnmişəm. Elsevər bir neçə dəfə mənə zənglər edib və mesajlar yazıb. Mayın 6-da əvvəlcə günorta saatlarında yenə də həmin nömrədən zəng gəlib. Həmin vaxt da ərim yanımda idi. Ərim telefonu götürərək mikrofona qoyaraq danışmağımı tapşırıb. Telefonu açdım. Həmin şəxs “alo” dedi. Onun səsindən Elsevər olduğunu tanıdım. Yenə də ərimə heç nə demədim. Həmin gün saat 23-də evdə olduğum zaman ev telefonuna zəng gəldi. Ev telefonu gələn zəngləri müəyyən edildiyindən, zəng gələn nömrəni gördük. Həmin zaman isə evin pəncərəsinə daş atıldı. Ərim küçəyə çıxanda həmin şəxsin Elsevər olduğunu gördü. Bundan artıq bezən ərim əsəbiləşərək qardaşı Asif Əhmədovu və mənim əmim oğlu Zaur Kərimovu zəng etdi. Asif onlara gəldikdən sonra küçədə qonşuları narahat etməsinlər deyə Elsevəri çağırdı, Zaurun maşını ilə kənar heç kəsin olmadığı bir yerdə başa salmağa getdilər. Bir az sonra ərim evə gəldi. Ərimdən nə baş verdiyini soruşdum. Mübariz dedi ki, Elsevəri çöllük əraziyə apardıq, orada dərsini verdk. Mübariz əməllərdən nəticə çıxartsın deyə, Elsevəri yüngül döydüklərini dedi”.
Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Mübariz Əhmədov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.