20
ноября
2017
19:11
Lökbatanda zavodda baş vermiş partlayış barədə RƏSMİ MƏLUMAT YAYILDI
Noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlunun yük maşınının qarşısında dayanarkən əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olub.
May.Az-in məlumatına görə, Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumat əsasında Bakı şəhəri Qaradağ rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun, Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarının, o cümlədən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın mütəxəssisləri tərəfindən zavodun ərazisində partlayıcı maddələrin, yararsız döyüş sursatının və onların komplekt hissələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks yoxlamalar keçirilir. Eyni zamanda, partlamış qurğunun əldə olunduğu metal qəbulu məntəqəsinin və ya digər əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.