Azərbaycan xalqının qurtuluşu
Tarixdə bu gün 289

Azərbaycan xalqının qurtuluşu

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi.
Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazilərini işğal etməsi ilə bağlı idi. Mövcud hakimiyyət nəinki erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, habelə zəruri xalq müqavimətini təşkil etməkdə, təcavüzkara qarşı təsirli beynəlxalq təpkinin təşkilində inanılmaz səriştəsizlik və bacarıqsızlıq nümayiş etdirirdi.
Dövlət müstəqilliyin ilk illərinin doğurduğu digər ciddi problem ölkədə yaşanan siyasi böhranla əlaqədar idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi böhranı daha da gücləndirir, xalqla hakimiyyət arasında uçurumu dərinləşdirirdi. Böhrandan çıxmaq üçün hakimiyyət tərəfindən ya təsirli tədbirlər görülmür, ya da görülənlər lazımi nəticə vermirdi. Hakimiyyətə etimadın artırılması baxımından vacib olan milli maraqların qorunması lazımi səviyyədə deyildi və hətta iqtidara gəlmək üçün hakimiyyət dəyişiklikləri bir sıra hallarda milli maraqlara xəyanət sayəsində mümkün olurdu. İfrat həddə çatmış siyasi böhran təbii olaraq açıq surətdə ifadə olunan hakimiyyətdaxili qarşıdurmalar, siyasi xaos və anarxiyanın tüğyanı ilə müşayiət edilirdi. Bunun fonunda ölkədə separatizm meylləri güclənir, Azərbaycan Respublikasını parçalamağa yönəlmiş hərəkatlar geniş vüsət alırdı.
Məhz belə bir dövrdə Ulu Öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüuru və milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün çətin psixoloji böhranlı, ümidsiz anlarında dünya ictimaiyyəti üçün müstəqilliyi bir çox hallarda hələ dərindən dərk edilə bilməyən ağır mərhələləri Azərbaycan xalqı öz dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev siyasi partiyalar arasinda münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması sosial sifariş, tarixi zərurət idi. Bu Qaydış Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. 15 iyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən bir ölkə kimi tanınmasını şərtləndirdi. Ulu öndərin təməlini qoyduğu düzgün siyasi xəttin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü ilə 30 il işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü təmin etdi.
Könül Əfəndiyeva – YAP üzvü

Son xəbərlər