Kişi dəliyə döndü: "Arvadımı ərə vermək istəyirsən?.." - Gecəyarısı şok olay
Hadisə 424

Kişi dəliyə döndü: "Arvadımı ərə vermək istəyirsən?.." - Gecəyarısı şok olay

Abşeron rayonunda 1972-ci il təvəllüdlü Toğrul ailə münaqişəsi zəminində keçmiş arvadı Gülnarın bacısı Sevdaya, anası Zərifəyə, qardaşı arvadı Məlahətə və qardaşı qızı Səmaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Toğrul spirtli içki qəbul etdikdən sonra 19 mart 2021-ci ildə, gecə saat 1 radələrində keçmiş həyat yoldaşı Gülnarla nikahlarının dağılmasının səbəbini yenidən aydınlaşdırmaq məqsədilə onun Hökməli qəsəbəsindəki fərdi yaşayış evinə gəlib.
Toğrul eyvanda Gülnarın evdə olmamasını bilib və heç bir əsaslı səbəb olmadan baldızı Sevdanın baş nahiyəsinə vurub. Əlindəki balta yerə düşdükdə cibindən bıçaq çıxardıb, Sevdanın qol və qarın nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Daha sonra Toğrul qayınanası Zərifəyə, qaynı arvadı Məlahətə, qaynı qızı Səmaya da xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2018-ci ildə rəsmi olaraq həyat yoldaşı Gülnarla ayırılıb: "Ailəmin dağılmasında səbəb kimi baldızım Sevda və qaynanam Zərifəni görürəm. Ailəmlə ayrılandan sonra yenidən barışdım. Lakin bir müddət keçdikdən sonra baldızım Sevda və qayanam Zərifə həyat yoldaşım Gülnarı öyrədərək, məndən ayırdılar.
Dəfələrlə qaynanam və baldızıma xəbərdarlıq etdim ki, ailəmi dağıtmasınlar. İstəyirdim ki, Gülnarla barışım və birlikdə yaşayaq. Baldızımgil xəbərdarlıqlarıma məhəl qoymadan öz bildiklərini edirdilər. Bundan əlavə Sevda Gülnarı ərə vermək istəyirdi".
Toğrulun sözlərinə görə, martın 18-də Şamaxı rayonu, Çuxuryurd kəndində yaşadığı evdə az miqdarda spirtli içki qəbul edib: "Bundan sonra başına gələnləri düşünərək özümü ələ ala bilmədim. Yaşadığım evdən ət doğramaq üçün nəzərdə tutlan baltanı götürdüm. Üzərimdə qatlanan cib bıçağı da vardı. Özümə məxsus avtomobillə Şamaxı rayonundan birbaşa Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan mərhum qaynım Nadirin evinə gəldim.
Həmin evdə Nadirin ailəsi, qaynanam Zərifə, baldızım Sevda və keçmiş həyat yoldaşım Gülnar yaşayırdılar. Məqsədim Gülnarı evimə aparmaq idi. Əks halda Gülnarı öldürmək istəyirdim.
Sözügedən ünvana gəldikdən sonra avtomobili evdən bir az kənarda saxladım. Baltanı hasardan həyətə tulladım. Qapı açıq olduğundan içəri keçdim və eyvanda dayandım. Gülnarın bacısı və anası çölə çıxdı. Onlardan Gülnarın harada olmasını soruşdum. Gecə növbəsində işlədiyni bildirdilər. Sevdaya "mənim aravdımı ərə vermək istəyirdin?" sözlərini deyəndən sonra əlimdə olan balta ilə onun baş nahiyəsindən bir dəfə vurdum. Sevda yerə yıxıldı".
Toğrul qeyd edib ki, ətrafda olan şəxslər üstünə hücum çəkib, nəticədə balta əlindən yerə düşüb: "Gülnarın qardaşı qızı Səma əlimdə yerə düşən baltanı götürdü, küt tərəfi ilə baş və sifət nahiyəmə bir neçə dəfə vurdu. Cibimdə olan açılıb-bağlanan bıçağı çıxardım, Sevdaya bir neçə dəfə zərbə vurdum. Sonra digər şəxslərə də xəsarətlər yetirdim".
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Toğrul 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər