Azərbaycan Zəfər Gününü qeyd edir
Xeberler 395

Azərbaycan Zəfər Gününü qeyd edir

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb.
BiG.AZ xəbər verir ki, 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib.
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilib.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilib.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilib. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Qeyd edək ki, bu gün Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.
Yürüş saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq və Azneft dairəsindən "Ağ şəhər" bulvarınadək davam edəcək. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.
"Ağ şəhər" bulvarınadək davam edən yürüş "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
Bundan başqa, paytaxtda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.
Azərbaycanın karifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21.10-da Dənizkənarı Bulvarda başlayacaq.
Tədbirlərin bir hissəsi olaraq saat 20:55-dən Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq. Videoproyeksiya gecə 00:00-dək davam edəcək.

Son xəbərlər