Türkiyə-Azərbaycan dostluğu regionda sülhün qarantıdır
Xeberler 518

Türkiyə-Azərbaycan dostluğu regionda sülhün qarantıdır

Azərbaycan-Türkiyə dostluq və qardaşlığının dərin tarixi kökləri vardır və bu dünyada birlik, güc nümunəsidir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizin işğaldan azad edilən ərazilərinə ikinci səfəri ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bundan əvvəl dövlət başçılarının Şuşada baş tutan görüşündə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Bu görüş həm də Şuşa Bəyannaməsinin müddəalarının uğurla həyata keçirilməsinin sübutudur. Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir.
Türkiyə Prezidentinin işğaldan azad edilən torpaqlarımıza növbəti səfəri zamanı Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanan şəxs məhz dövlət və xalq səviyyəsində yüksək dəyər verilən qardaş ölkənin Prezidenti oldu. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür.
Dost və qardaş dövlətlərin prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla, həm də Zəngəzur dəhlizinin təməlini qoydular. Bu da, öz növbəsində, Naxçıvan, oradan isə Türkiyə ilə avtomobil nəqliyyatı ilə birləşməyimizi təmin edəcək. Bu hadisə olduqca əhəmiyyətli təməlqoyma mərasimi olmaqla mənəvi və iqtisadi perspektivləri vardır. Zəngilan rayonunda "Dost Aqropark"ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacı əkməsi, "Anadolu" Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq, qardaş ölkənin Prezidentinin ön sözünü yazdığı və "Anadolu" Agentliyi tərəfindən hazırlanan "Qarabağ Zəfəri" kitabını müzəffər Ali Baş Komandanımıza təqdim etməsi və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir.
Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyası üçün inam, güc və əzmdir, antimilli qüvvələr üçün qorxu və təşvişdir, bəzi dairələr üçün isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən "Bir millət, iki dövlət" milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdır.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Son xəbərlər