02
февраля
2020
17:34
Koronavirusdan sağalan çinli: "Məncə, əsas qorxmamaqdır"
Çində koronavirusdan sağalan Çunçin şəhər sakini xəstəliyi barədə danışıb.
“Sinxua” agentliyinin yaydığı xəbərə görə, 44 yaşlı Szyan bir neçə il əvvəl Uxana gedib.
Lakin yanvarda Yeni ili qeyd etmək üçün doğulduğu şəhərə qayıdıb.
Onun vəziyyətinin pisləşdiyini görən əri Szyanı yerli xəstəxanaya aparıb. Tibbi müayinə zamanı Szyanda koronavirus aşkar edilib. Dediyinə görə, Çunçində ilk virusa yoluxan o olub.
Hər gün həkimlər Szyanı infeksiya, virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib.
Vəziyyəti düzəlməyə doğru dəyişən Szyan xəstəxanadan çıxarılaraq evə göndərilib.
“Məndən bu xəstəliyin qorxulu olub-olmadığını soruşurlar. Məncə, əsas qorxmamaqdır”, - deyə o bildirib.
O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:
“Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız”, - deyə o bildirib.
Qeyd edək ki, koronavirusdan 259 nəfər həyatını itirib, 11700-dən çox insan isə bu virusa yoluxub.(oxu.az)