"Qiymət artımına təsir edən əsas amillərdən biri təchizat zəncirində yaranan problemlərdir. Müharibə şəraiti məhsulların daşınmasını çətinləşdirir, bu isə bazarda qıtlıq yaradır və nəticədə qiymətlər yüksəlir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə əlavə edib ki, bu proses ilk növbədə enerji və logistika xərclərinin artması ilə özünü göstərir:
"Əsas faktorlar arasında logistika xərclərinin artması xüsusi yer tutur. Yanacaq qiymətlərinin bahalaşması daşınma xərclərini yüksəldir və bu, bütün məhsulların qiymətinə təsir edir.
Digər mühüm məqam isə yerli istehsalın maya dəyərinin artmasıdır. Fermer təsərrüfatlarında gübrə, suvarma, əmək haqqı və kənd təsərrüfatı dərmanlarının bahalaşması məhsulların bazara daha yüksək qiymətlə çıxarılmasına səbəb olur. Bu da xüsusilə mövsümi meyvə və tərəvəzlərin qiymətində özünü göstərir".
Vüqar Oruc hesab edir ki, bazarda vasitəçilərin rolu da qiymət artımını sürətləndirən amillərdən biri hesab olunur:
"Bəzi hallarda məhsullar istehsalçıdan birbaşa satışa çıxarılmadığı üçün əlavə qiymət artımı baş verir.
Hökumət tərəfindən təşkil olunan kənd təsərrüfatı yarmarkaları qiymətlərin müəyyən qədər tənzimlənməsinə kömək etsə də, bu sahədə hələ də tam effektivlik tam əldə olunmayıb.
Ümumilikdə, qiymət artımının əsas səbəbləri kimi logistika xərclərinin yüksəlməsi, təchizatın azalması, istehsal xərclərinin artması və bazar mexanizmlərindəki problemlər göstərilir".
Orxan Hüseyn