Среда
ноя 13

Cinsi həvəsin badına gedənlər - İİV/QİÇS-ə mübtəla olanlar...

Cinsi həvəsin badına gedənlər - İİV/QİÇS-ə mübtəla olanlar...


İİV/QİÇS haqqında nələri bilirik?

Dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biri də QİÇS-dir. Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, O qədərdən də çox insan İİV infeksiyasına yoluxur, 400 min körpə bu virusun daşıyıcısı kimi dünyaya göz açır.

İİV/QİÇS nədir?

İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Beynəlxalq aləmdə, o cümlədən bizdə onların ingiliscə HİV (Human İmmunodeficiency Virus) və AİDS (Acquired İmmune Deficiency Syndrome) abreviaturalarından da istifadə olunur.

QİÇS orqanizmin infeksiyalara qarşı ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji və infeksion xəstəliklərin dirçəlməsinə səbəb olur. Əslində, bu xəstəlik mahiyyətcə İİV infeksiyasının son mərhələsidir. İİV nəticəsində insanın immun sisteminin dərin zədələnməsi səbəbindən yaranan xəstəlikdir. Ona görə də, İİV-lə yoluxmaq hələ QİÇS xəstəliyinə tutulmaq deyildir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan onun adına AİDS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu abreviaturadan istifadə edilir. Güman edilir ki, xəstəlik keçən əsrin ortalarında Mərkəzi Afrikada peyda olmuş və yerli əhaliyə meymunlardan keçmişdir. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılmışdır. QİÇS ilk dəfə Azərbaycanda 1987-ci ildə müəyyən edilib.

Xəstəliyin orqanizmdə gedişi və simptomları

Orqanizmə yol tapan İİV insanın müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. Yoluxma zamanı qanda ona qarşı anticisimlər aşkar olunur. Bu orqanizm üçün çox təhlükəli olsa da bir çox hallarda immundefisit virusuna yoluxanlar illərlə xəstələnmirlər, 5-10 il ərzində sağlam görünürlər, çox zaman isə bədənlərində virusun olmasından xəbərsiz olurlar.

İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il ərzində üzə çıxmaya bilər. Xəstəliyin gedişi insanın orqanizmin ümumi vəziyyətindən, immun sisteminin durumundan, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından, ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılı olur. HİV ləng gedən infeksiyalar qrupuna aiddir. İnkişafı bir neçə mərhələdən keçir:

İlk latent dövrü 15 ilə qədər davam edə bilər. Bu dövr orqanizmin immun sisteminin vəziyyətindən, virusun miqdarından və yoluxma mexanizmindən asılıdır. Latent dövründə qanda viruslar və onlara qarşı yaranmış anti-QİÇS-antitellər aşkar olunur. Onların təsiri ilə bir neçə aydan sonra virusların miqdarı azalır. Buna serokonverisya deyilir.

Latent dövründən sonra gələn və təxminən 3-5 il davam edən Generalizə olunmuş limfadenopatiya mərhələsində müxtəlif qrup limfa düyünlərinin bir neçə ay ərzində böyüməsi baş verir və limfadenopatiya sindromu inkişaf etməyə başlayır.

Sonra QİÇS öncəsi dövr başlayır və bir neçə il davam edir. Bu dövrdə artıq immun çatışmazlıq fonunda xəstələrdə limfadenopatiya, 37 dərəcəli temperaturla davam edən qızdırma, diareya, tərləmə, ümumi əzginlik və zəiflik, arıqlama, uzun müddətli ishal, səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi, boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi, tez-tez yuxarı tənəffüs yollarının virus infeksiyaları, piodermiyalar, dəmrov və s. patologiyalar müşahidə olunur,

Sonuncu QİÇS mərhələsi isə təqribən 2 il davam edir. Bu mərhələdə immun sistemin tam iflic olması ilə əlaqədar demək olar ki, qanda anti-QİÇS-antitellər aşkar olunmur, Virusların miqdarı isə kəskin şəkildə yüksəlir. Pasiyentlərdə bəd xassəli şişlər, opportunistik adlanan bir çox infeksiyalar (vərəm, pnevmoniya və s.) baş qaldırır və sonda xəstənin ölümü ilə nəticələnir.

İİV-ə yoluxma necə baş verir?

Yoluxma əsas aşağıda göstərilən yollarla baş verir:

Cinsi yolla, xüsusən qeyri-təbii əlaqələr zamanı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, xəstəliyin 60%-i homoseksual kişilərin payına düşür. İlk dəfə homoseksualistlər arasında AİDS 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur. Bütövlükdə isə kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox QİÇS xəstəliyinə rast gəlinir. İİV infeksiyasının kişidən qadına ötürülmə təhlükəsi qadından kişiyə ötürülmə təhlükəsindən 4 dəfə çoxdur.

Qanköçürmə yolu ilə, İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).

Virusla infeksiyalaşmış sterilizə olunmamış şprislərdən istifadə edilməsi ilə. Bu hal narkomanlar arasında, narkotik maddələri damara ötürərkən eyni şprislərdən istifadə edilməsi zamanı daha çox baş verir. Narkomanlar QİÇS-lə yoluxmada homoseksualistlərdən sonra ikinci yeri tuturlar – 20-25%. Narkotiklərdən istifadə insan şüuruna mənfi təsir edir və riskli cinsi əlaqələrin qurulmasına da səbəb olur.

Transplasentar yolla, yəni virusun xəstə anadan hamiləlik dövründə dölə keçməsi ilə. İİV infeksiyasının anadan uşağa doğuş zamanı və ana südü vasitəsilə də keçmə ehtimalı çox böyükdür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək risk qrupuna aid olan narkotik istifadəçiləri arasında yayılıb. Statistika Komitəsinin məlumatına görə 2011-ci ildə (2012-ci il üçün hələ tam dəqiqləşdirilməyib) respublikamızda qeydiyyata alınan İİV-lə yoluxanların sayı 3154 nəfər, QİÇS-lə xəstələnənlərin sayı isə 881 olub. 2011-ci ildə İİV və QİÇS üzrə ilk dəfə qeydiyyata alınanlar isə 537 və 190 nəfərdir ki, onlardan da 11 nəfəri 18 yaşa qədər uşaqlardır.

İİV infeksiyasından necə qorunaq?

Tibbi araşdırmalara görə, yolxucu HİV orqanizmin dörd mayesində cəmləşir: qan, sperma, vaqinal maye və ana südündə. Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur. Ağız suyundan, tər, göz yaşı, sidikdən praktiki olaraq HİV ilə yoluxdurma halları baş vermir, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət qədər deyil. İİV-lə yoluxma qucaqlaşmadan, əl sıxmadan, saunada və ya hovuzda çimməkdən, məişət və ofis əşyalarından birgə istifadədən, həşəratların sancmasından, unitazın oturacağından, ümumi yataq dəstindən, öskürəkdən və s. kimi kontaktlardan baş verə bilməz.

İİV profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək vacibdir. Sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.

İİV-ə yoluxduğunu hiss edən adam, elə həmin gün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, regional İİV diaqnostika laboratoriyalarına müraciət etməli və test yoxlamsından keçməlidir. Erkən diaqnostika zaman tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilir. İİV testi qanda olan virusu, yoluxandan 2 həftə sonra təyin edə bilər. Müayinənin nəticəsi qısa müddətdə verilir.

Erkən diaqnostikanın çox mühüm əhəmiyyəti vardır. Belə ki, əgər hamilə qadının İİV-ə yoluxduğu vaxtında aşkar olunarsa, profilaktik tədbirlər və müalicə nəticəsində anadan uşağa yoluxma təhlükəsinin qarşısı alınır. Bundan əlavə, İİV testindən keçməklə yoluxma riski ilə üzləşmiş şəxs yoluxub yoluxmadığı barədə şübhə və narahatçılıqdan azad olur. İİV-ə yoluxmuş insan məlumatlı olduqda öz tərəf müqabilini yoluxmadan qoruya bilər. Vaxtında müalicə almaqla İİV-nin təsirini minimuma yendirə və beləliklə öz ömrünü xeyli uzada bilər.

QİÇS-ə qarşı stiqma ilə necə mübarizə aparaq?

Hər birimiz İİV/QİÇS haqqında düzgün informasiya malik olmalıyıq. Xəstəlik barədə oxumalı, öyrənməli və bilməyənləri maarifləndirməliyik. İİV-dən özümüzü qorumağı, QİÇS-li insanlara diqqət və qayğı ilə yanaşmağı bacarmalıyııq. Yada salaq ki, Katolik dünyasının lideri, Roma Papası Birinci Fransisko bir neçə il bundan əvvəl QİÇS-li xəstələrin ayaqlarını yuyaraq öpməsi ilə bu xəstələrə qarşı stiqmanın əsassız və insanlığa zidd olduğunu göstərmiş, belə xəstələrin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına qarşı çıxmışdır. Ona görə də QİÇS-li xəstələrlə bir yerdə işləməkdən, bir süfrə arxasında oturmaqdan, yol getməkdən, əl verib görüşməkdən çəkinmək lazım deyil, onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoymaq, eləcə də təhsil müəssisəsindən, iş yerlərindən xaric edilməsi isə tamamilə yolverilməzdir.

QİÇS-li xəstələrlə davranışda etik qaydalar riayət etmək, onların vəziyyətini düzgün başa düşüb qiymətləndirmək olduqca vacibdir. Təbii ki, ilk dəfə QİÇS diaqnozu eşidən adamların çoxu panikaya düşür, həyatlarının sona çatdığını düşünərək dərin psixoloji sarsıntılar keçirir. Ətrafdakıların onlara qarşı ikrah hissi keçirdiklərindən şübhələnərək camaatdan qaçır, əsəbi və aqressiv olurlar. Bu da digər insanların onlardan qaçmasına, stiqmanın yaranmasına səbəb olur. Belə vəziyyətin qarşısını almaq üçün xəstəni müalicə edən həkim ilk növbədə pasiyentin etibarını qazanmağa, onun təkcə həkimi yox, həm də yaxın bir adamı olmağa çalışmalıdır. Xəstənin ailəsi ilə söhbətlər aparmalı və onları xəstəyə mənəvi dəstək olmağa çağırmalıdır. Çünki belə xəstələr təkcə dərman müalicəsinə yox həm də mənəvi dəstəyə, sevgiyə, qayğıya böyük ehtiyac duyurlar. QİÇS-lə yaşayan insanlar onlara qarşı olan mənfi stereotipləri özləri də qırmağa çalışmalıdır. İİV infeksiyasının başqa şəxslərə yoluxmasına yol verməmək üçün məsuliyyətli və təhlükəsiz davranış tətbiq etməlidir.

Bunlardan əlavə, QİÇS xəstələrinə mənəvi kömək məqsədilə xüsusi cəmiyyətlər təşkil oluna bilər. İctimai qınağa qalib gəlmiş adamları, onlara bu çətinlikləri aşmaqda dəstək olmuş insanları, xəstələrin ailə üzvlərini bu cəmiyyətlərə cəlb etməklə stiqmaya qarşı effektli mübarizə aparmaq olar. Bu işdə qrup halında təşkil olunmuş psixoterapiyanın da böyük əhəmiyyəti ola bilər. Xaricdə artıq belə təcrübə mövcuddur. Belə qruplarda AİDS-lə yaşayan, özündə güc taparaq yenidən əvvəlki sosial həyatını bərpa etmiş insanlar, xəstələrin ailə üzvləri, psixoloqlar, həkimlər toplaşırlar. Hər kəs çəkinmədən, utanmadan öz tarixçəsini danışır, xəstəliyə, ictimai qınağa qarşı necə mübarizə aparmağından, bu işdə ailəsinin rolundan söhbət açır. Belə söhbətlərdən sonra xəstələrin əksəriyyətində mübarizə ruhu güclənir, onlar özlərini tamhüquqlu vətəndaş kimi hiss edirlər.

Sonda qeyd edək ki, dünyada heç kim hər hansı bir xəstəliyə tutulmayacağından sığortalanmayıb. Ona görə də hamılıqla insanın hansı xəstəliyə tutulmasından asılı olmayaraq ona ümid və mənəvi dəstək verməliyik. Belə olduqda ən sağalmaz xəstəlik də insan üçün qorxulu olmaz.



Vüqar Haqverdiyev

Комментарии (0)

Оставить комментарий