20
сентября
2016
01:32
Atletlər kəndindəki hadisə ilə bağlı məhkəmə yekunlaşdı: İdmançıları vurana 3 il, videonu yayana 4 il iş verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə məhkəmənin hökmü oxunub. Hökmə əsasən Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə və cəzasını mənəqə tipli cəzaçəkmə müəssisəində çəkməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onun barəsində 1 il 6 ay sınaq müddəti təyin edilib. Hökmdə Hüseyn Salamovun barəsində olan ittihamın təsdiqini tapmaması qeyd edilib. Hakim bildirib ki, onun ittiham olunduğu 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, dövlət ittihamçısı Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.
Ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.
V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.