19
сентября
2016
22:34
Ölən bacıların qəzasının təfərrüatı - Tıxaca düşməmək üçün...
Bir neçə gündür ölkədə ən çox danışılan qəza haqda bu gün daha bir acı xəbər gəldi. Hadisə günü yerindəcə vəfat edən Sürəyya Qəhrəmanlının özündən bir yaş kiçik bacısı Leyla Qəhrəmanlı da xəstəxanada vəfat etdi.
"Qafqazinfo”nun əməkdaşları bu gün bacıların yaşadığı binada olublar.
Biz 3-cü mikrorayonda yerləşən binaya çatanda həyətdə xeyli insan- kişilər, qadınlar, uşaqlar, qocalar, hər kəs vardı. Öyrəndik ki, Leylanın atası Nazim kişi qızının nəşini məscidə yuyulmağa aparıb. Cəsəd oradan evə gətiriləcək, vidalaşmadan sonra özündən 3 gün öncə vəfat edən böyük bacısı Sürəyyanın məzarının yanında dəfn ediləcək.Uzun illər ailə ilə yaxın olan və onları yaxından tanıyan qonşular bu faciədən dərin sarsıntı keçiriblər:
"Sürəyyanın dəfn olunduğu yer ailə üçün özəldir. Belə ki, Sürəyya rəhmətlik nənəsinin adını daşıyır. Onun nənəsi bir neçə il öncə sentyabrın 15-də, nəvəsi Sürəyyanın vəfat etdiyi tarixdə dünyasını dəyişib. Nəvə Sürəyya da nənə Sürəyyanın məzarının yanında dəfn olunub. Görünür, bizim Sürəyya nənəsinin təkcə adını yox, həm də taleyini özündə daşıyıb...”Ailəni bu hüznə qərq edən hadisə isə bacıların işə gecikməsinə görə olub. Sürəyya valideynlərinə ilk dərs günü olduğu üçün Bakı-Sumqayıt yolu ilə getməyəcəyini, Novxanı yolundan istifadə edəcəyini deyib. Yaxşı tanımadığı bu yol isə onu yubadıb. İnsan resursları şöbəsində çalışdığı klinikaya çatmaq üçün tələsən Sürəyya yüksək sürətlə hərəkət edərək qarşısındakı maşını ötməyə çalışıb, bu zaman isə qarşıdan gələn yük maşını ilə toqquşub.
Sürəyya özü çata bilməsə də, bacısı Leylanı həmin klinikaya çatdırıb. Lakin Leyla bir neçə gün sonra elə oradaca canını tapşırıb...
Qeyd edək ki, ailənin 2 bacıdan başqa övladı olmayıb.