29
августа
2016
01:05
Lənkəranskinin qətli: killerlər Antalyadan gedib
Türkiyədə nəşr olunan "Sabah” qəzeti "Rövşən Lənkəranski” ləqəbli məşhur azərbaycanlı kriminal avtorittet Rövşən Canıyevin qətli ilə bağlı yeni məlumatlar əldə edib.
Virtualaz.org xəbər verir ki, qəzetin yazdığına görə bu səs-küylü qətli araşdıran İstanbul polisi "Rövşən Lənkəranski”ni güllələyən killerlərin Antalyadan kirayə götürdükləri avtomobillə gəldiklərini müəyyən edib.
İstintaq müəyyən edib ki, "Rövşən Lənkəranski” qətlin baş verdiyi gündən-avqustun 18-dən cəmi bir həftə əvvəl Türkiyəyə gəlib. Onun hansı ölkədən Türkiyəyə getdiyi məlum deyil. Lakin bəllidir ki, Rövşən son illər əsasən Ukrayna və Türkiyə, habelə Birləşmiş Ərəb Əmirliklərində məskunlaşmışdı.
Qəzetin yazdığına görə killerlər Canıyevin hansı tarixdə Türkiyədə olacağını müəyyən ediblər və qətli hazırlamaq üçün hadisədən təxminən bir ay əvvəl onun ardınca Türkiyəyə gediblər. Killerlərin Türkiyəyə qaçaq yollarla daxil olduğu bildirilir. Daha sonra onlar Antalyada kirayələdikləri avtomobillə İstanbula gediblər, avtomobilə saxta nömrə nişanı taxıblar. Qətldən sonra İstanbul polisi killerlərin Antalyadan gəldiklərini müəyyən edib, üç mülki geyimli polis dərhal onların izini tapmaq üçün Antalyaya göndərilib. Lakin gəldikləri avtomobili hadisə yerində atıb piyada qaçan killerlərin izini tapmaq onlara müyəssər olmayıb.
Habelə müəyyən edilib ki, killerlərlə İstanbulda Rövşənin qaldığı yeri göstərən və onlara yardım edən "köstəbək” də var. Lakin onun da izinə rast gəlmək hələ mümkün olmayıb.
İstanbul polisi Rövşənin qətlini 2013-cü ildə həmin şəhərdə qaldığı otelin hovuzundan çıxarılaraq güllələnən azərbaycanlı kriminal avtoritet, "Lotu Qoca” ləqəbli Əlibala Həmidovun qətlinə görə qisas kimi nəzərdən keçirir. Qətl "Lotu Qoca”nın öldürüldüyü gün baş verib. "Sabah” yazır ki, Rövşən Canıyevlə Əlibala Həmidovun ortaq qumar biznesinin olub, lakin o, Rövşənə "atıb” və bu səbəbdən öldürülüb.