12
июня
2016
11:47
Daha bir şad xəbər
Müəllimlərin maaşı 4 dəfə arta bilər
Gələn ildən müəllim ixtisasını seçən 300 abituriyentə təqaüd veriləcək
"Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir". Editor.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov ANS TV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər: "Əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə "bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram" fikri ilə yanaşır."
Onun sözlərinə görə, abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub: "Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk."
Hazırda Azərbaycanda müəllimlər orta hesabla 200-250 manat maaş alırlar. Ölkədə orta maaşın 450 manat olduğu nəzərə alınarsa, bu, orta məktəb müəllimlərinin maaşlarının 900 manata qədər artırılması deməkdir. Yəni nazirin dedikləri həyata keçərsə, Azərbaycanda müəllimlərin maaşları 4 dəfəyə qədər arta bilər.