25
ноября
2019
14:52
"Maşınıma minməyə 50 metr qalmış uçqun oldu" - FOTO
Dünən gecə işdən qayıtdım, təxminən saat 1 olardı. Maşına minib başqa yerə sürüb aparmaq istəyirdim. Avtomobilə 50 metr qalmış uçqun oldu, gurultu qopdu, yer silkələndi, yaxınlıqdakı gəmilər də silkələndi.
BiG.AZ xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında avtomobili torpaq altında qalan Fərrux Qasımzadə bildirib. O qeyd edib ki, təxminən 1 ay öncə dənizə işləməyə çıxarkən "Mercedes E Class" markalı, 90 NV 884 nömrəli maşınını burada park edib.
F. Qasımzadə əlavə edib ki, hadisə onun gözləri qarşısında baş verib:
"Gözümün qabağında torpaq maşının üstünə töküldü, 1-2 dəqiqə sonra özüm maşına minəcəkdim. Hələ ki, maşın çıxarılmayıb, yarıya kimi torpağın altındadır. Maşının, sadəcə, icbari sığortası var, 5-6 min manatlıq ziyan dəyib. Maşına dəyən ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı mənə bir söz deyilməyib".
Xatırladaq ki, yağışdan sonra Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yolda 100 metr uzunluğunda sürüşmə baş verib, sözügedən maşın torpağın altında qalıb.