Qızının ölümündən sonra intihar edən qapıçı... 1 oyunluq "Fənərbaxça", 20 dəqiqəlik La Liqa karyerası...
İdman 778

Qızının ölümündən sonra intihar edən qapıçı... 1 oyunluq "Fənərbaxça", 20 dəqiqəlik La Liqa karyerası...

Qızının ölümündən sonra intihar edən qapıçı... 1 oyunluq "Fənərbaxça", 20 dəqiqəlik La Liqa karyerası...



Almaniya millisinin və "Hannover"in sabiq qapıçısı Robert Enkenin intiharı rezonans yaratmışdı.

2009-cu ildə özünü qatarın altına atan Enke psixiki pozğunluqdan əziyyət çəkirdi. Onun həyat yoldaşı Terezanın sözlərinə görə, qapıçı qızlığa götürdüyü uşağın psixikasına görə ondan alınacağından qorxurmuş. Enke və Tereza bioloji qızları Laranı isə 2006-cı ildə ürək xəstəliyindən itirmişdi...

Robert Enke 14 illik peşəkar karyerası boyunca çox şey yaşasa da, öhdəsindən gələ bilmədiyi tək şey depressiya oldu.

“Borussiya Münxenqladbax”dakı performansı ilə klubun əsas qapıçısına çevrilməyi bacardı. Bu uğuru onun “Benfika”ya gəlişi ilə nəticələndi. Portuqaliyada “Benfika”nın, bəlkə də, ən uğursuz mövsümünü keçirməsinə rəğmən, etibarlı çıxışı ilə Avropa nəhənglərinin transfer siyahısına girə bilmişdi. Enkenin öhdəsinə düşən bu top-klublar arasında seçim etmək idi. Seçimi Lui van Qaalın çalışdırdığı “Barselona” oldu.

Dünyada əksər futbolçuların hədəfinə çatanda 25 yaşında idi. Ən üst səviyyəyə yüksəldikdən sonra, uğurlu karyera qurmaq bəlkə də çox asan idi, ancaq elə olmadı…
“Barselona” karyerasına İspaniya kubokunda III Liqa təmsilçisi “Novelda” ilə keçirilən oyunla başladı. 2:3 hesablı məğlubiyyətin ardından “katalon” klubunun təcrübəli oyunçusu Frank de Bur məğlubiyyətə səbəb kimi klubun yeni transferi Robert Enkeni göstərdi. Maraqlısı budur ki, Enke daha sonra “Fənərbaxça”ya, Frank de Bur isə əzəli rəqib “Qalatasaray”a transfer olunmuşdu...

İspaniyada kubok matçından sonra “günah keçisi” elan edilən alman qapıçının çətin günləri başlamışdı. Həmin mövsümdə “Barselona” ilə liqada sadəcə 20 dəqiqə forma geyinə bildi. Bu 20 dəqiqəni Enkenin La Liqa karyerası kimi də dəyərləndirmək olar. Çempionlar Liqasında “Brügge” və “Qalatasaray” üzərində qələbə qazanılan oyunlarda qapıda Enke dayanmışdı. Almaniyalı üçün pis keçən mövsümün sonunda 2003/2004 mövsümü öncəsi kluba gələn Frank Raykardın ilk işlərindən biri Rüştü Rəncbəri transfer etmək olur. DÇ-2002-nin ulduzu Rüştü də “Barselona”da tikiş tutmayacaqdı, ancaq onun transferi Enkenin “Barselona” karyerasının başa çatması anlamına gəlirdi.

13 günlük “Fənərbaxça” karyerası, hər kəs qovulduğunu düşünmüşdü, əslində isə…

“Artıq oynamaq istəyirəm. Ehtiyatda oturmaqdan yorulmuşam” deyən Enkenin dadın Daum yetişdi, azından elə görünürdü. Alman qapıçı Daumın israrı ilə İstanbulun yolunu tutur.
“Fənərbaxça” mövsümün ilk matçında “İstanbulspor”u qəbul edərəkən qapıda Enke dayanmışdı.. Yeni klub, yeni şəhər, yeni bir həyat… Cəmi 90 dəqiqə çəkdi. Pini Balilinin aşırtma qolu ilə başlayan qarşılaşma Yordanovun qolu ilə 3-0 olanda tribunadan Enkenin tutduğu hər topda onu ələ salmağa başladılar. Super Liqada ən az oynayan legioner kimi tarixə düşən Enke oyundan sonra Daumla görüşərək ayrılığı razılaşdırdı. 90 dəqiqə sürən macəranın ardından Enke vətəninə yollanarkən geridə Türkiyə qəzetlərinin onun haqqında yazdığı təhqir dolu manşetlər qaldı.

2008-ci ildə verdiyi müsahibədə “Fənərbaxça” dönəmini “İstanbulda yaşadıqlarım və o dövr həyatımın qırılma nöqtəsidir. 2 il öncə qızımın ölümü kimi. Artıq futbol mənim həyatımda əvvəlki kimi məna ifadə etmir. İndi də futbol həyatımın mərkəzindədir, ancaq hər şeyi ifadə etmir. Yenə oyunu uduzanda hirslənirəm, əsəbləşirəm. Ancaq əvvəllər bu 1 həftə çəkərdi, indi sadəcə 1-2 gün…” deyərək ifadə etmişdi.

Rüştü Enke Türkiyədən ayrıldıqdan sonra verdiyi açıqlamada bu fikirləri səsləndirmişdi: “Enke ilə 1 həftə məşqə çıxdıq. Oynamadığına görə özünəinamı qalmamışdı, formasızlıqdan və motivasiya yoxluğundan əziyyət çəkirdi. Enkenin “Fənərbaxça”ya transferi barədə məlumatı qəzetlərdən öyrəndim və çox təəccübləndim. Mən “fənərli”yəm və “Barselona”da oynayıram. Kaş ki, mənim də fikrimi öyrənsəydilər”.

“Sevgi ilə hər şeyin öhdəsindən gələ bilərik” dedik, olmadı
Robert Enke 2 il əvvəl “Barselona” ilə müqaviləyə imza atdığı nöqtədən çox uzaqda idi. Bu zaman təklif geri çevirməyəcəyi “Hannover”dən gəldi. Səssiz şəkildə Almaniyaya döndü. “Hannover” ilə yenidən yüksəlişə keçəcəyi mövsümə başlarkən qızı Lara doğuldu. Qızının doğumu Enkeni həyata daha sıx bağlayacaqdı ki, bu da olmadı. Ürək qüsuru ilə doğulan Laranın davamlı əməliyyatlar keçirməsi lazım idi. Enke bu müddəti xəstəxana və məşq arasında keçirdi. Hər şeyə rəğmən Enke möhtəşəm oyun göstərirdi, həmin il Almaniyada “ilin qapıçısı” mükafatına layiq görüləcək qədər.

2006-cı ilin 17 sentyabrında Lara xəstəxanada vəfat edir. Enke qızının ölümündən 6 gün sonra “Hannover” forması ilə meydana çıxdı, özünü bütünlüklə futbola verdi. Ətrafındakı hər kəs Enkenin psixoloji durumunun fərqində idilər, ancaq əllərindən heç nə gəlmirdi. Enke Almaniya millisinin heyətinə dəvət alacaq qədər yüksəldi, bu müddətdə bir çox klubdan dəvət alsa da, “Hannover”dən ayrılmadı. Övladlığa götürdükləri qız psixolji durumuna görə onlardan alınar deyə narahatlıq keçirirdi.

2009-cu ilin 10 noyabrında klubun səhər məşqindən çıxdıqdan sonra əvvəlcə qızının məzarını ziyarət etdi, ardınca isə 200 metr aralıdakı qatar yoluna tərəf getdi və ‘məndən bu qədər” dedi. Ardında həyat yoldaşından üzr istədiyi intihar məktubunu buraxmışdı...
Enkenin ölümündən sonra həyat yoldaşı və doktoru mətbuat konfransında onun uzun müddətdir depressiya ilə mübarizə apardığını bildirdilər. Çətinliklə danışan həyat yoldaşı bu cümlələri işlətmişdi:

“Barselona və İstanbul dönəmləri bizim üçün çox çətin idi. Hər şeyi geridə buraxa biləcəyimizə inanırdıq, ancaq qızımızı itirdik. Bir-birimizə daha çox çox bağlandıq. Sevgi ilə hər şeyin öhdəsindən gələ bilərik dedik, amma olmadı”…

Offsideplus.az

Son xəbərlər