Ziya Bünyadov prospektindəki xaos
Avtomobil 763

Ziya Bünyadov prospektindəki xaos

Ziya Bünyadov prospektindəki xaos


Aktiv sosial şəbəkə istifadəçisi olan, mütəmadi olaraq Yol hərəkəti qaydaları, hərəkətin təşkilində olan problemləri işıqlandıran Kənan Dalğa (Məmmədov) Ziya Bünyadov prospektindəki problemlərlə bağlı Bakı Şəhər BDYP idarəsinin rəisi cənab Nuşirəvan Səfərova şikayət məktubu ünvanlayıb və bunu öz facebook profilində paylaşıb.

May.Az saytı şikayət məktubunun mətnini olduğu kimi təqdim edir:

"Bu məktubda sizə şikayətim əməkdaşlarınızın, konkret olaraq idarədə təhlükəsiz şəhər kameraları vasitəsilə protokol tərtib etməli olan əməkdaşlarınızın fəaliyyətsizliyi ilə bağlıdır. Çünki polisin əsas işi hərəkətin təhlükəsizliyi və intensivliyini təmin etməkdirsə, bunun da yollarından biri, bəlkə də birincisi qayda pozan sürücülərin qanunamüvafiq qaydada cəzalanmasından ibarətdir. Konkret desək mən gündəlik olaraq Ziya Bünyadov prospektindən istifadə edən sürücüyəm. Hərəkətin təşkilindən kifayət qədər anlayışı olan biri kimi deyirəm ki, o prospketdə yaranan sıxlığın, xaosun, kiçik qəzaların əsas səbəblərindən biri körpülərə, tunellərə daxil olan zaman kənarlardan gəlib düz təhlükəsizlik adasının, yaxud 1.1 xəttinin üzərindən keçərək özünü zorla araya soxub qayda pozan sürücülərdir. Bunlar haqqında isə heç bir tədbir görülmür. Halbuki İXM 122-ci maddəsinə əsasən protokol tərtib oluna bilər. Sizi əmin edirəm ki, belə sürücülər cəzalanmağa başlayan kimi sayları minimuma enəcək. Necə ki, əvvəllər Xırdalan şəhəri istiqamətindən 20 yanvara gəldikdə də belə idi. Tunelin çıxışından sağa 20 yanvara doğru getməli olan sürücülər ən sol zolaqdan 1.1 xəttinin tələbini pozub sağa girirdi. Beləliklə həm 20 yanvara gedənlərə maneə olurdular, həm də Tbilisi prospektinə gedən zolağı bağlayırdılar. Daha sonra sizin əməkdaşlar həmin sürücülərə kamera görüntüləri əsasında elektron protokollar tərtib etməyə başladı. Çox qısa müddətdə həmin sürücülər onlara tərtib olunmuş haqlı protokolların şəklini sosial şəbəkələrdə paylaşdı və başqalarını belə səhvlər etməməyə çağırdı ki, əks halda cəzalanaqlarını bilsinlər. Bununla da oradakı problem həllini tapdı. Bəs sizin əməkdaşlar Ziya Bünyadov prospektində də eyni sürücülərin cəzalanması üçün nə gözləyir? Əgər buna xüsusi tapşırıq lazımdırsa xahiş edirəm həmin xüsusi tapşırığı verəsiniz". Hörmətlə: Kənan Məmmədov.

Son xəbərlər