03
августа
2016
02:55
Ətin qiyməti bahalaşdı
Avqustun 1-dən mal əti 0,50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb.
May.Az Turan-a istinadən xəbər verir ki, bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat - 7 manatdan 7,50 manata və ya 7,1% bahalaşmışdı.
Ət ötən illər iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata qədər bahalaşıb, sonra 7 və 7,5 manata düşüb. 2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.
Mal əti 2012-ci ilin sonu, 2013-cü ildə 9 manata qədər bahalaşmışdı. Ekspertlərin fikrincə, indiki bahalaşma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.
Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalaşır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.
Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.