27
июля
2016
02:04
ANS-in məhkəməsi baş tutdu
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.
Bu barədə "Report"a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.
Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.
Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.Hazırlıq iclası iyulun 29-na təyin edilib.