Kiborqlar dövrü yaxınlaşır - İflic olmuş insanlar üçün yeni ümid
Dünya 0

Kiborqlar dövrü yaxınlaşır - İflic olmuş insanlar üçün yeni ümid

İlon Maskın "Neuralink" şirkəti beyin implantı və eksperimental robot əlinin imkanlarını öyrənmək üçün yeni tədqiqatın aparılmasına icazə alıb.

Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat verir.

Bildirilir ki, sınaq simsiz neyrointerfeysin və cərrahi robotun təhlükəsizliyini, həmçinin onların bütün ətrafları iflic olan kvadriplegiya xəstələrinə təsirini qiymətləndirməyə yönəlib.

İştirakçılar xarici cihazları yalnız düşüncə gücü ilə idarə edə biləcəklər.

Ötən həftə "Neuralink" Kanadanın "Health Canada" tənzimləyicisindən öz cihazının Kanadada sınaqdan keçirilməsinə icazə alıb. Tədqiqat çərçivəsində iflic olan altı xəstənin iştirakı planlaşdırılır ki, bu da proqramın coğrafiyasının genişləndirilməsində mühüm mərhələ olacaq.

"N1 implantı ilə eksperimental robot əlinin idarə edilməsi üçün nəzarətin genişləndirilməsi imkanlarının öyrənilməsi üzrə yeni tədqiqatın təsdiqlənməsi və başlanmasını elan etməkdən məmnunuq. Bu, təkcə rəqəmsal deyil, həm də fiziki azadlığın bərpası yolunda mühüm ilk addımdır", - deyə "Neuralink"in "X" hesabında bildirilib.

Şirkət qeyd edib ki, bu tədqiqat "Convoy" kod adı altında aparılır və əlavə məlumat sonradan təqdim ediləcək.

Qeyd edək ki, "Neuralink" 2023-cü ilin sentyabrında beyin çip-implantının insanlar üzərində ilk klinik sınağı üçün müstəqil müşahidə şurasının təsdiqini alıb. Bundan sonra şirkət onurğa beyninin boyun hissəsinin zədələnməsi və ya yan amiotrofik skleroz səbəbindən iflic olan xəstələr arasından könüllülərin cəlb edilməsinə başlayıb.

2024-cü ilin yanvarında şirkətin mütəxəssisləri ilk dəfə olaraq implantı insan beyninə yerləşdiriblər. Avqustda "Neuralink" ikinci xəstəyə uğurla beyin çipi implantasiya edib. Onun beynində hazırda 400 elektrod işləyir.




Oxşar xəbərlər

Son xəbərlər