Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir
Tarixdə bu gün 1

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir


2020-ci il oktyabrın 19-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi üçüncü günü.

Oxu.Az xatırladır ki, milli mübarizənin 23-cü günündə də qüdrətli ordumuz tarix yazır. Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndləri işğaldan azad olunur. Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "X" sosial şəbəkəsində elan edir.

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir

Təbii ki, bu qələbəni əldə etmək heç də asan olmur. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri gecə ərzində cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut, Cəbrayıl istiqamətlərində və Araz çayı boyunca müqavimət göstərməyə cəhd edir, müdafiə mövqelərimizi, həmçinin Goranboy, Tərtər və Ağdamı ağır artilleriya atəşinə tutur. Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin yüksəkrütbəli hərbçiləri də daxil olmaqla xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilir.

Müharibə Ermənistanın həm də informasiya və diplomatiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev bu dəfə Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində münaqişənin həlli ilə bağlı Ermənistanın siyasi iradə nümayiş etdirmədiyini dünya ictimaiyyətinin diqqətinə çatdırır:


"Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə, biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub-saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırıq".

Lakin biz nə qədər humanistlik göstərsək də, düşmən öz mənfur xislətindən əl çəkmir. Elə həmin gün Ağcabədi artilleriya atəşinə tutulur, rayonun Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində 25-dən çox ev dağıdılır. Tərtərin müxtəlif istiqamətlərdən atəşə tutulması nəticəsində rayonun Ələsgərli kənd sakini, 1962-ci il təvəllüdlü Niyaz Hüseynalı oğlu Səlimov ağır xəsarət alır. Gün ərzində Tovuz, Daşkəsən, Tərtər, Ağdamdakı yaşayış məntəqələrimiz, Göygöldəki mövqelərimiz minaatanlardan və iriçaplı silahlardan atəşə tutulur.

Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "T-72" tankı, iki ədəd "BM-21" "Qrad" yaylım atəşli raket sistemi, bir ədəd "D-30" və bir ədəd "D-20" haubitsası, 11 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilir, alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilir, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanırlar. Həmçinin, 5-ci dağ-atıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilir, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçırlar. Tabor komandirinin müavini mayor Hayk Stepanyan da ölənlər arasında olur.

Beləliklə, 2020-ci il oktyabrın 19-u da tariximizə daha bir şanlı gün kimi yazılır.

Mərahim Nəsib


Son xəbərlər