Vətən müharibəsinin 22-ci günü - 27 il sonra bitən həsrət - Foto
2020-ci il oktyabrın 18-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi ikinci günü.
Oxu.Az xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq, növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozur, Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də rayonun Araz boyunca yerləşən və işğaldan azad olunan kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutur. Mənfur düşmən, həmçinin, cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərir.
Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "S-300" zenit-raket kompleksinin rakettuşlama stansiyası, beş ədəd "T-72" tankı, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli raket sistemi, iki ədəd "Smerç", bir ədəd "D-20" haubitsası və bir ədəd "KS-19" zenit topu, altı ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Günorta saatlarında cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbə endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti "Su-25" hücum təyyarəsi, eləcə də Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna atılan raket də Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilir. Elə günün həmin saatlarında Ordumuzun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əl Cəzirə" televiziya kanalına müsahibəsində Ermənistanın son təxribatları və törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verir:
"Dünya birliyinin Ermənistanın qeyri-qanuni fəaliyyətinə və törətdiyi hərbi cinayətlərə qarşı susqunluq nümayiş etdirməsi və bu hadisələri kəskin şəkildə pisləməməsi Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə rəvac verir. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu hərəkətlərini kəskin şəkildə pisləməyə və onu belə təxribatlar törətməkdən çəkindirməyə, həmçinin bu işğala son qoymasını tələb etməyə çağırırıq. Ermənistan regionda sabitliyə və təhlükəsizliyə yeganə ciddi təhdid olaraq qalır".
Ən əsası isə - belə bir tarixi gündə Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verir. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Xudafərinin azad olunduğunu bildirir:
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılır.
Mərahim Nəsib