Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi
"Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir".
Oxu.Az-ın "Tarantas Nyus"a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Mixail Makovey bildirib.
Onun sözlərinə görə, risk zonasında - avtomobilin texniki xidməti zamanı mütəmadi olaraq dəyişdirilməsi tələb olunan filtrlər, alışdırma şamları, əyləc sistemi və asqı hissələridir.
Üstəlik, ekspertin bildirdiyinə görə, həm orijinal elementlər, həm də tanınmış Avropa və Asiya brendlərinin məhsulları saxtalaşdırılır.
"Ən pis hallarda saxta ehtiyat hissələri parametrlərə uyğun gəlmədiyinə görə avtomobilə quraşdırmaq mümkün olmayacaq. Bundan əlavə, onlar nəqliyyat vasitəsinin qovşaq və aqreqatlarının sıradan çıxmasına səbəb ola bilər", - deyə o bildirib.
Ekspert vurğulayıb ki, kontrafakt hissələrin istifadəsi ciddi nəticələrə səbəb ola bilər.
"Belə ehtiyat hissələrinin alınması riskini azaltmaq üçün komponentləri və sərfiyyat materiallarını rəsmi dilerlərdən, yaxud da etibarlı satıcılardan almaq lazımdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.