Zibilxanada 2 milyonluq lüks maşınlar TAPILDI
ABŞ-da təxminən qırx il utilizasiya poliqonunda qalan köhnə lüks avtomobil kolleksiyası aşkar edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Los-Ancelesin kənarında 566-dan çox avtomobil və hissələri tapılıb. Kolleksiya 1950-ci illərdə ABŞ-a köçmüş alman mühacir Rudi Kleynə məxsus olub. Adam 1967-ci ildə məşhur "Porsche Foreign Auto" zibilxanasını açıb.
Kənardan baxanda polad hasarlar və tikanlı məftillərlə örtülmüş zibilxana tərk edilmiş görünür, amma içəridə lüks avtomobillər – "Lamborghini", "Porsche" və "Ferrari" var. Kleyn heç vaxt kolleksiyası haqqında danışmayıb - yalnız özünün tanıdığı bəzi insanlar zibilliyə girə bilərdi. Kolleksiyaçı 2001-ci ildə vəfat edib, lakin qohumları kolleksiyanın toxunulmaz qalacağını düşünüblər.
Məlumata görə, köhnə avtomobillər oktyabrın sonunda hərraca çıxarılacaq. Xarici mediada yayılan məlumatlarda iddia olunur ki, "Junkyard: The Rudy Klein Collection" adlı auksion Kleynin varislərinə milyonlar qazandırmalıdır. Zibilxanadakı maşınlar arasında tarixdə ilk superkar sayılan üç bərpa edilmiş "Lamborghini Miura" var ki, onların hazırkı dəyəri təxminən 2 milyon dollardır.