50 ildir qarajda olan "Mercedes" inanılmaz qiymətə satılacaq - Foto
"RM Sotheby's" auksion evi oktyabrın sonunda onlarla nadir və köhnə avtomobillərin nümayiş olunacağı "Rudi Klaynın Kolleksiyası" adlı genişmiqyaslı hərrac keçirməyi planlaşdırır.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobillərin əksəriyyəti bərbad vəziyyətdədir. Kolleksiya 50 il ərzində lazımi qulluq olmadan qarajda dayanıb, lakin bun baxmayaraq bəzi avtomobillərin dəyəri milyonlarla dollar qiymətləndirilir.
Belə avtomobillərdən biri 1956-cı il istehsalı olan "Mercedes-Benz 300 SL Alloy Gullwing"dir. Bu kuzov üslubunda 300 SL-in yalnız 29 nümunəsi istehsal edilib və yalnız bu model qara rəngdə olub. Avtomobil əvvəlcə 1932-1949-cu illər arasında üç dəfə Le Man 24 saat yarışında qalib gələn italiyalı sürücü Luici Çinetti üçün hazırlanıb. Avtomobil Klyanın kolleksiyasına 1976-cı ildə daxil olub və hazırda ən yaxşı vəziyyətdə deyil, lakin onu bərpa etmək olar. Lotun gözlənilən dəyəri 4,5-6 milyon dollardır.
Səhmdarlar müharibədən əvvəlki Qran-pri yarışının ulduzu Rudolf Karaççiola üçün xüsusi olaraq yaradılmış unikal "Mercedes-Benz 500K" üçün də təxminən eyni məbləğdə qazanc əldə etməyi düşünürlər. Bu lotun təxmini qiyməti 4-6 milyon dollar təşkil edir.
Qeyd edək ki, Rudi Klayn kolleksiyasının mövcudluğu uzun müddət mif hesab olunurdu və yalnız 2001-ci ildə sahibinin ölümündən sonra onun kolleksiyası üzə çıxdı. Hərraca "Porsche", "Aston Martin", "Lamborghini" və digər markaların avtomobilləri də çıxarılacaq.