Boş çənlə avtomobil sürmək təhlükəlidir: Ekspertdən XƏBƏRDARLIQ
"Əksər sürücülər avtomobillərinin çənindəki yanacaq səviyyəsinə nəzarəti əhəmiyyətli hesab etmirlər, lakin belə bir laqeydlik ciddi nəticələrə səbəb ola bilər".
Oxu.Az-ın "Rossiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın tanınmış avtomobil eksperti Pavel Konstantinov xəbərdarlıq edib.
Onun sözlərinə görə, çəndə həmişə ümumi həcminin ən azı ¼-i qədər yanacağın olmasına nəzarət etmək lazımdır.
"Boş çənlə sürməyin əsas təhlükələrindən biri avtomobilin yolda qəfildən dayanması riskidir. Belə bir vəziyyət, məsələn, yanacaq səviyyəsi sensorunun səhv göstəriciləri səbəbindən yarana bilər. Sürücü hələ də hərəkət edə biləcəyinə əmin olacaq, amma əslində maşın sadəcə sönəcək. Xüsusilə də işlək bir yolda belə bir vəziyyətə düşmək əsəblər və pul kisəsi üçün sınaqdır", - deyə mütəxəssis bildirib.
O, hətta qalan yanacaqla ən yaxın yanacaqdoldurma məntəqəsinə çatdıqda belə bunun avtomobil üçün zərərsiz ötüşmədiyini qeyd edib.
"Boş çənlə sürmək mütləq yanacaq nasosunun sıradan çıxmasına səbəb olacaq. Çəndə az miqdarda yanacağın daim hərəkəti səbəbindən sistemə benzin əvəzinə hava daxil olar ki, bu da nasosun hissələrinin sürətli aşınmasına səbəb olacaq", - deyə ekspert xəbərdarlıq edir.