Çin maşınları keyfiyyətcə "Mercedes", BMW və "Audi" ilə müqayisə olunublar
"J.D.Power" agentliyi Çin bazarında təqdim olunan avtomobillərdən çinli istifadəçilərin məmnunluğunu əhatə edən bir araşdırma dərc edib.
Oxu.Az bu barədə ixbt.com-a istinadən məlumat verir.
Keyfiyyətlə bağlı şikayətlərin orta göstəricisi 100 avtomobilə 204 haldan (PP100) bu il 212-yə qədər artıb. Ən çox şikayət artımı alman brendlərində görünüb (+21 PP100). Çin brendləri üçün şikayətlərin sayı 10 PP100 azalıb.
Orta hesabla BMW-də 100 avtomobilə 213 şikayət var, "Audi" və "Mercedes"də 215, seqment üzrə orta nəticə 213-dür. "Chery"də bu göstərici 203, "Geely"də 204, "Changan"da 207-dir. Seqment üzrə orta nəticə 211-dir.
Kütləvi seqmentdə keyfiyyət səviyyəsinə görə lider yerləri "GAC-Honda", "Dongfeng-Honda" və "GAC-Toyota" birgə müəssisələri tutub. Sırf Çin şirkətlərinə gəldikdə isə, ilk beşliyə "Chery", "Geely", "GAC", "Changan" və "Jetour" daxildir. Reytinqin sonunda "FAW Besturn", "Haval" və "Venucia" yer alıb.
Premium seqmentdə 192 PP100 rekord nəticəsi ilə "Porsche" liderlik edir, ardınca "Lexus" (207) və "Cadillac" (211) gəlir.