"Azərbaycanda aqressiya bugünkü kimi şiddətli formada olmayıb" - Sosioloq
Son dövrlərdə cəmiyyətdə aqressiyanın artmasını ilə bağlı çoxsaylı xəbərlər eşidirik. Bu mənfi situasiyalı davranışlar şiddətə meyilli olması ilə seçilir. Bəs cəmiyyətdə aqressiyaya səbəb və həll yolları nələrdir?
Mövzu ilə bağlı BiG.AZ-a sosioloq Mətanət Məmmədova açıqlama verib.
O bildirib ki, cəmiyyətdə aqressiyaların artmasının müəyyən səbəbləri var.
"Uzun illər öncə Azərbaycanda aqressiya bugünkü kimi şiddətli formada olmayıb. Lakin müasir dövrümüzdə 20-30 il əvvələ kimi aqressiyalar şiddətli formada artmağa başlayıb. Bunun başlıca səbəbi isə insanların həyatına internetin daxil olması, sosial şəbəkələrdə dünyada baş verən hadisələrlə yaxından tanış olmasıdır. Bütün bunlar üst-üstə yığılır, zamanla insanın şüuraltında partlayışa səbəb olur. Bu partlayış bizim cəmiyyətimizə aqressiya verir. Bununla da bəzi insanlar bu zorakılığı tətbiq eləməyə başlayıb".
Sosioloq qeyd edib ki, artıq az insan öz təmkinini qoruyaraq, emosionallarını idarə edə bilir:
"Xüsusilə aqressiya cəmiyyətdə gənclərə şamil olunur. Onlar yaşlarına görə daha çox səbrsiz olurlar. Gənclər aqressiyanı internet, sosial şəbəkələr, filmlər, oyunlardan öyrənirlər. Onlar öyrəndikləri aqressiyanı gündəlik həyata daşıyırlar və ətrafa yansıdırlar. Aqressiyanı ailələrdə də görmək olar. Ailədə aqressiya nəticəsində boşanma sayı artır, şiddət çoxalır. Bütün bunlara dövlət qurumları tərəfindən nəzarət olunmalıdır. Bu gün uşaqlar aqressiv cizgi filmlərinə baxırlar, kontenti yanlış cizgi filmlərinin qarşısı alınmasa, cəmiyyətə aqressiv ruhlu gənclər yetişəcək. Bu da özünəməxsus dəyərləri olan cəmiyyətimizin daha da şiddətə meyilli olub, pozulmasına səbəb olacaq. Buna görə də dövlət qurumları tərəfindən sosial şəbəkələrə, televiziyaya nəzarət gücləndirilməlidir. Əgər ciddi cəza tədbirləri görülərsə, aqressiv cəmiyyətin qarşısını almaq olar. Aqressiya törədən insanlar ciddi şəkildə cəzalandırılsa, bu başqaları üçün nümunə ola bilər".