Əməkdar artist Kübra Dadaşovanın doğum günüdür
Avqustun 31-i Əməkdar artist Kübra Dadaşovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Kübra Dadaşova 1957-ci ildə Bakıda, aktyor Məmmədağa Dadaşovun ailəsində dünyaya göz açıb.
1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb.
Yaradıcılıq fəaliyyətinə tələbəlik illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb.
Aktyor evinin nəzdində Eksperimental Teatrda, Tədris Teatrında işləyib. Ömrünün son günlərinə qədər Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
Kübra Dadaşova teatr səhnəsində "Cicixanım" ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid bəy Əfəndiyev), "Bibi" ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli), "Mənzərə" ("Pul dəlisi", Əhməd Orucoğlu), "Nazlı" ("O da mənəm, bu da", Dadaş Mehdi), "Küpəgirən" ("Mağara", Aygün Həsənoğlu), "Mürəbbiyə" ("Danışan gəlincik", Abdulla Şaiq), "Xeyransa" ("Nəsrəddin", Yusif Əzimzadə), "Gövhər" ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), "Zümrüd" ("Mən səni sevirəm", Ə.Əmirli), "Zibeydə" ("Buzovna kəndinin əhvalatları", Elçin) kimi müxtəlif rollar ifa edib.
Kübra Dadaşova kinoda və televiziyada da çoxsaylı obrazlar canlandırıb.
Onlara misal olaraq, "Adı sənin, dadı mənim"də (1980) "Totux", "Pirverdinin xoruzu"nda (1987) "Pərinisə", "Yaramaz"da (1988) "qonaqlıqdakı qadın", "Gecə qatarında qətl"də (1990) "ağıldankəm qız", "Qəzəlxan"da (1991) "aktrisa" və sairi göstərmək olar.
Aktrisa yaratdığı irili-xırdalı obrazların diapazonu və janr müxtəlifliyi, peşəkar ifası ilə fərqlənib.
O, həmçinin, xarici film istehsalçılarının "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon/Polşa, Fransa) və "Dronqo" (2002, rejissor Zinoviy Royzman/Rusiya) filmlərində də çəkilib.
O, 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.
Kübra Dadaşova 2017-ci ildə şəkər xəstəliyindən vəfat edib.