26
февраля
2019
14:06
Körpə qızın ancaq başı qalmışdı və... - Dünyanın Xocalı ilə bağlı DƏHŞƏTLİ ETİRAFLARI
“Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi”.
Bu barədə ABŞ-dan olan yazıçı-publisist, Xocalı haqqında həqiqəti ilk dəfə Qərb dünyasına çatdıranlardan olan Tomas Qolts qeydlərində yazır.
BiG.AZ publika.az-a istinadən Xocalı soyqırımı haqda xarici jurnalistlər və müşahidəçilərin 1992-ci ildə bəhs etdiklərini təqdim edir:
Amerikalı yazar Tomas Qolts qeydlərində yazırdı: “Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun “İndependent” nəşrinin əməkdaşı Xyu Poupla Ağdama yola düşdük. Sonuncu dəfə ora Əliflə getmişdik. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların da arasında yol kəsilib. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb”.
Amerikalı yazar Xocalıda baş verənləri bildirçin ovuna bənzədirdi. Yazırdı ki, minlərlə mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi: “Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, ola bilməzdi, belə şey qeyri-mümkün idi. Amma bir qədər araşdırdıqdan sonra həqiqətən də ölənlərin sayı ilə bağlı təxminimizdə yanılmadığımızı anladıq.
“Röyter”sin müxbiri Əlif Kaban gördüklərindən çox sarsılmışdı. O, sanki ağılını itirmişdi: “Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin sadəcə susmuşdu, huşsuz adamlar kimi gəzirdi. Dəhşətli şeylər danışırdılar. Meyitlərin başlarının dərisi soyulmuş, əzaları, qıçları, qolları kəsilmişdi. Dəhşət idi”.
Xocalıda baş verənlərin şahidi olmuş İngiltərənin “Fant Men News” telekanalının əməkdaşı R.Patrik daha sonra deyirdi: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Xocalıdakı dəhşətlər haqqında Parisdə dərc olunan “Krua Eveneman” jurnalı yazır: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms” qəzeti “Erməni əsgərlər minlərlə ailəni məhv edib”, “Faynenşl Tayms” isə “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələyiblər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar” deyə yazırdı.
“Tayms” (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdı, körpə qızın ancaq başı qalmışdı”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.
“Le Mond” (Paris), 14 mart 1992-ci il: “Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşdülər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən gəlmələrlə birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər”.
Livanlı kinooperator təsdiq edirdi ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Jurnalist Yuri Poleneyev isə “Qarabağ qan girdabında” kitabında yazır: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı”.
Bunlar azərbaycanlıların deyil, azərbaycanlı olmayanların, kənardan, dünyanın müxtəlif ölkələrindən, müxtəlif təşkilatlarından olan insanların dedikləri həqiqətlərdir.