Elçiliyə gecə saat 1-də gedən, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçının doğum günüdür
Özünəməxsus üslubu olan, güclü qələm sahibi, nasir, dramaturq, publisist, tərcüməçi kimi Azərbaycan ədəbiyyatında təkrarsız iz qoyan Seyfəddin Dağlının doğum günüdür.
Oxu.Az xatırladır ki, Seyfəddin Əliağa oğlu Abbasov (Dağlı) 1921-ci avqustun 27-də Xızıda dоğulub.
Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olması ilə özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə bu şəhərdə oxuyub.
Ancaq iş elə gətirir ki, Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişir. O, atasıgillə yaşamağa başlayır. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəlmişdi: iki oğlan, üç qız. Analığı Seyfəddinlə pis rəftar etməsə də, doğma ananın yerini vermirdi.
Ədəbi fəaliyyətə tələbə yaşlarından başlayan Seyfəddin Dağlı 1930-cu illərin sonlarında ilk oçerk və felyetonlarını yazıb. O, həm də hərbi jurnalist kimi 1944-46-cı illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı qəzetlə əməkdaşlıq edib.
1959-76-cı illərdə "Kirpi" satirik jurnalının baş redaktoru işləmiş yazıçının satira və yumor janrında yazdığı roman, povest və hekayələri "Vergülağa və Absətəli", "Sabiqlər", "Göyçək oğlan", "İpək gül", "Yaylaq qayğıları", "Şakərlilər", "Aldada bilməzsən", "Mənziliniz mübarək" və başqa kitablarda toplanıb.
Yazıçı 1953-cü ildə C.Cabbarlının qızı Gülarə Cabbarlı ilə ailə həyatı qurub. Onların bu izdivacdan üç övladı dünyaya gəlib.
Gülarə xanım xatirələrində deyir: "O zaman mən anama dedim ki, yəqin, bizim ailə qurmağımızı sən istəmisən. Anam isə dedi ki, nə danışırsan? Neçə dəfə iş yerimə gəlib, səni məndən istəyib. Sabah dərsdən sonra məktəbinizin yaxınlığındakı poçtun qabağında səni gözləyəcək. O vaxta qədər Seyfəddinin məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini bilmirdim. Bir dəfə də olsun, bu barədə danışmamışdı. Ancaq onu görəndə həmişə nədənsə uşaq kimi utanırdım. Biz onunla görüşüb söhbət etdik, mənə dedi ki, bir neçə eybim var, deyim, indidən bil. Onlardan biri xoruldamağım, o biri isə çeçələ barmaqlarımdan birinin əyri olmasıdır. Həmin gün gecə saat birin yarısı olardı. Qapımız döyüldü. Açdılar. Seyfəddinin atası, əmisi, bir də dostu, "Kommunist" qəzetinin redaktoru İsrafil Nəzərov qapıda dayanmışdılar. Hamımız heyrətlənmişdik. Gecənin bu vaxtı da elçi göndərərlər? Bizim evlənməyimiz belə oldu. Hər ikimiz tələbəydik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toy etdik. Üç gün sonra Moskvaya getdik".
Jurnalist kimi bir müddət "Kоmmunist" və "Оrdu" qəzetlərində çalışıb və müxtəlif vəzifələri icra edib. Dövlət Radiо Kоmitəsində baş redaktоr (1956-59), sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktоru оlub.
"Azərbaycanfilm" kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa dоğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar оğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş охucu rəğbəti qazanıb.
Yazıçının "Adı sənin, dadı mənim" pyesi İqor Peşenyevin tərcüməsində Moskva Akademik Dram Teatrında tamaşaya qoyulub və Mərkəzi Televiziya ilə nümayiş olunmuşdu. İkihissəli tamaşada məşhur rus aktyorlar rol almışdılar.
Seyfəddin Dağlı 1962-ci ildə qayınatası, böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu" və Cənubi Azərbaycan qadınlarının ağır həyatından bəhs edən "Kəcil qapısı" romanlarını yazıb. Ümumilikdə isə o, irili-xırdalı 18 kitabın müəllifidir.
1979-cu ildə onun ssenarisi əsasında "Bahar kimi solmaz" filmi də çəkilmişdi.
1983-cü il yanvarın 16-da yazıçının qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi olduğunu eşidib çox sevinir. Ancaq həmin ərəfədə özünün vəziyyəti yaxşı olmur. Ürək ağrıları daha da güclənir. Yanvarın 18-i qaynı Aydın gəlib onu həkimə aparmalı imiş. Yuxudan oyanan yazıçı əl-üzünü yuyanda ürək ağrıları şiddətlənir. Həyat yoldaşı qonşuluqda yaşayan Nəriman Həsənzadəgilə qaçıb xəbər verir. Təcili yardım xeyli vaxtdan sonra gəlib çıxır. Lakin onadək Seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə düz bir ay atasının ölüm xəbərini demirlər.