Bu ölkədə qadın sürücülər kişiləri yoldan çıxaracaq tərzdə geyinə bilməz
Hörmətli oxucu sərlövhədən belə başa düşə bilər ki, söhbət qısa geyinən qadınların “zəlzələyə səbəb olması”, evdə tək olan qadının “kondisioner işlətməsinin haram olması”, avtomobil idarə edən qadının “orqanizmində ciddi fəsadlar yaranması” kimi ağla və məntiqə zidd fətvaların verildiyi Şərq ölkələrindən gedir. Əslində, qətiyyən belə deyil.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin bütün ərazisində ayaqdan çıxmaq ehtimalı olan ayaqqabı (şəpik) ilə və ya ayaqqabısız avtomobil idarə etmək qayda pozuntusu hesab edilir. Kaliforniya ştatında isə qadın sürücülər kişilərdə ehtirasa səbəb ola biləcək paltar geyinə bilməzlər. Stuasiyadan asılı olaraq bu əməl bir neçə yüz dollar cərimə ilə cəzalandırılır.
Yay Olimpiya Oyunlarının keçirildiyi Fransada isə vəziyyət daha ağırdır. Bu ölkədə polis sürücüyə şəpik geydiyinə görə birbaşa cərimə yazmır. Lakin ayaqqabıya görə qəza şəraiti yaranıbsa, və ya qəza baş veribsə, əsas cəzadan əlavə 75 avro cərimə tətbiq edilə bilər. Sinəsi tam açıq və ya lüt halda avtomobil idarə etmək isə seksual pozğunluq kimi qiymətləndirilir. Bu əməl xəta deyil, cinayət hesab edilir. Bu əmələ görə Jorj Sandın vətənində 1 il həbs və 15 min avro cərimə nəzərdə tutulur.
Eyni əməl İtaliyada da cəzalandırılır.
Tailandda sinəsi açıq halda avtomobil idarə edənlər bir neçə ayı həbsdə keçirməli olacaq.
Bundan başqa, bir çox ölkədə - Avropa ölkələrinin demək olar hamısında – sükan arxasında qida qəbul etmək də inzibati xəta predmetidir. Qanunvericilər belə hesab edirlər ki, sürücünü sükandan əlini çəkməyə məcbur edən istənilən hərəkət qəza təhlükəsi yaradır.
Bir qədər təhlükəsizlik barədə. Qəzaların çoxillik təhlili göstərir ki, hadisə zamanı bədənin açıq hissəsi daha çox zədələnmə riskinə məruz qalır. Xüsusilə də yay aylarında zərbə zamanı qaynar metalla təmas zamanı yanıq ehtimalı böyükdür.
Vüqar Yaşaroğlu