Paris-2024-də gümüş medal qazanan güləşçi: "Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam"
"Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam".
Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.
Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:
"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".
Qeyd edək ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.