ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir
Siyasət 10

ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir

ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistana iki təyyarə ilə silah daşıması ilə bağlı yayılan məlumatları şərh etməkdən yayınıb.

"Report" agentliyinin sorğusuna cavab olaraq səfirlik ABŞ-nin İrəvandakı diplomatik missiyasının müvafiq cavabına istinad edib:

"İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal tərəfdaş" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün ABŞ texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".

Halbuki, sualımız tamamilə fərqli idi. Biz səfirliyə ABŞ-nin Ermənistana hərbi təyyarələr vasitəsilə silah-sursat daşınması ilə bağlı sual vermişdik.

Xatırladaq ki, Caliber.az portalının məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın "Zvartnots" hava limanına iki hərbi təyyarə enib. Qeyd olunub ki, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatların trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçiliblər - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən Ştatlara köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan silahlı qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Cavabdan görünür ki, səfirlik sualımızı kənara qoyaraq, "təlim"ləri şərh edib. Yəni Vaşinqtonun diplomatik missiyası silahların Ermənistana daşınması ilə bağlı konkret sorğumuza normal, konkret münasibət bildirə bilməyib. Əksinə, sorğudan yayınıb. Bu o deməkdir ki, Vaşinqtonun deməyə sözü də yoxdur. Hətta rəsmi Vaşinqton yayılan informasiyalara "yalan" donu da geyindirə bilməyib. Niyə? Çünki öz əməlini dana bilmir.

İndi əsas sual budur: ABŞ niyə israrla Ermənistanı silahlandırır? Bu, daha çox beynəlxalq geosiyasi rəqabət kontekstindən qiymətləndirilməlidir.

Ümumiyyətlə, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti artıq "açıq kartdır". Niyə belə deyirik? Çünki müxtəlif vaxtlarda baş verən hadisələr, habelə səslənən bəyanatlar eyni gerçəkliyi ortaya qoyur: ABŞ Cənubi Qafqazdakı təsir imkanlarını gücləndirmək məqsədilə regionun ən zəif bəndi hesab olunan Ermənistandan istifadə edir.

Artıq regionda yeni reallıq yaranıb. Bu reallıq Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur. Proseslərin inkişafı göstərir ki, ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın səyləri nəticəsində bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Amma bu, Vaşinqtonu narahat edir. ABŞ-nin bu narahatlığı isə aydın görünür. Ağ Ev bu təşvişini, istəsə də, gizlədə bilmir.

Məsələ ondadır ki, perspektivdəki sülh kənar güclərin, o cümlədən ABŞ-nin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Yəni Vaşinqton bölgədə təsir rıçaqlarını itirir. Elə buna görə də ayrı-ayrı Qərb aktorları, o cümlədən ABŞ və Avropa İttifaqı bütün imkanları ilə regionda suları bulandırmağa, sülhə mane olmağa çalışırlar.

Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, ABŞ ilə Ermənistan arasında hərbi əməkdaşlıq güclənən templə inkişaf edir. Bunun fonunda Ermənistan Rusiyadan, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşır.

Beləliklə, Vaşinqton İrəvanı öz tərəfinə çəkir, Moskvadan uzaqlaşdırır. Bir neçə məqsəd var. Bunlardan birincisi Rusiyanın regiondakı "rıçaq"larının zəiflədilməsidir. Bu o deməkdir ki, məhz Qərbin, o cümlədən ABŞ-nin təsirləri, təlqinləri və təzyiqləri Ermənistanı Rusiyanın kurasiyasından çıxarır. Bu, əlbəttə, həm də Moskvanın regiondakı maraqlarının zərbə altına alınması deməkdir.

Amma məsələ tək Rusiya ilə də bitmir. Ermənistana göndərilən hərbi avadanlığın, həmçinin, İrana qarşı da istifadə olunması ehtimalı çox yüksəkdir.

Sual yaranır: İran niyə bu məsələyə səssiz yanaşır? Axı ABŞ beləliklə həm də İran üçün təhdid yaradır. İndiki çətin geosiyasi vəziyyətdə bu, rəsmi Tehrana lazımdırmı? Məntiqlə cavab verəsi olsaq, yox. Deməli, İran ABŞ-nin Ermənistan üzərindən regionda qurduğu oyunun qurbanı olmamağa çalışmalıdır. Əks halda, onsuz da, Yaxın Şərqdə avantüraya çəkilməkdə olan İran Cənubi Qafqaz regionunda da çətin durumda qala bilər.

Beləliklə, rəsmi Vaşinqton bütün bu reallıqları nəzərə alaraq bir növ "oyunpozanlıq" etməyə çalışır. ABŞ-nin region və Ermənistanla bağlı hazırkı siyasəti ehtimal olunan növbəti hərbi toqquşmaya, həmçinin müharibəyə töhfə verməkdir. Çünki Qərb ancaq bu yolla sülhə əngəl ola bilər.

ABŞ-nin Ermənistanı silahlandırması rəsmi İrəvanın özünü daha "ürəkli" hiss etməsi deməkdir. Bunun nəticəsində İrəvan destruktiv mövqeyini gücləndirə bilər. Bunun nəticəsində növbəti hərbi toqquşma başlayarsa, məsuliyyəti təkcə Ermənistan yox, həm də ona "zəhər verənlər" daşımış olacaqlar.





Son xəbərlər