BMT: "Dünya əhalisi azalmağa başlayacaq"
Hazırda Yer kürəsində səkkiz milyarddan çox insan var və əhalinin pik həddi 2080-ci illərə təsadüf edəcək.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni proqnozu göstərir.
Alimlər hesab edirlər ki, yalnız on milyard nəfərə çatdıqdan sonra 2084-cü ildən etibarən dünya əhalisi azalmağa başlayacaq.
Tədqiqatçılar bildiriblər ki, hazırda dünyada qadınlar 1990-cı illə müqayisədə orta hesabla bir uşaq az dünyaya gətirirlər. Hazırda dünyada hər bir qadına orta hesabla 2,2 uşaq düşür.
Lakin demoqrafik proseslərin ətaləti 2084-cü ilə qədər əhalinin artımına səbəb olacaq. Bu nöqtədən sonra doğulanların sayının azalması ölümlərin sayının artması ilə müşayiət olunacaq və dünya əhalisi qocalmağa başlayacaq.
Xatırladaq ki, dünyanın ən sıx məskunlaşdığı iki regionu 2,3 milyard insanın yaşadığı Şərqi və Cənub-Şərqi Asiya, eləcə də 2,1 milyard insanın yaşadığı Mərkəzi-Cənubi Asiyadır. Statistikaya görə, Yer kürəsində qadınların sayı kişilərdən çoxdur.