İldırım təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT
Xeberler 29

İldırım təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.

FHN-dən BiG.AZ-a verilən məlumata görə, bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.

Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:

"Belə ki, ildırım zamanı:

- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;

- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;

- ⁠nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan, ən azı, dörd metr aralı dayanmaq lazımdır;

- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;

- yüksəklikdəsinizsə, çökək yerə enin;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı 1,5 metr məsafə saxlayın.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"



Son xəbərlər