Суббота
мар 02

Niyə “Ağzına su alıb oturmaq” deyirik? - Belə yaranıb

Çox susan, hansısa məsələyə fikir bildirməyən adamlar haqqında “niyə ağzına su almısan?”, “ağzına su alıb oturub” kimi ifadələr işlədirik. Mənası susmaq, dinməmək anlamına gəlir. Bəs nə üçün susan adama bu sözü deyirlər, susmaqla suyun nə əlaqəsi var?

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin yaranma tarixçəsindən bəhs edir.

Əslində bu sözün kökü öncə qədim türklərə, onlardan da Novruz bayramına keçmiş bir inanca dayanır.

Novruz bayramında insanlar ağızlarına bir udum su alar və yol kənarında qulaq falına çıxardılar. Susub oturardılar, gəlib keçən adamların dilindən çıxan ilk kəlmə, ilk cümlə ilə niyyətlərinin fal olub-olmayacağına inanardılar. Falın çin olması üçün əsas iş susaraq gözləmək, heç kəsə bu barədə bir kəlmə deməmək idi.

Bu ənənəni qadınlar bir qədər fərqli şəkildə edərdilər. Küçəyə, qonşuya keçmək imkanı olmayanda, evdə süfrə başında ağızlarına su alıb oturduqdan sonra ilk danışan adamın dediyi kəlmələrlə fal tutardılar.

Bəzən evdən, məclisdən uzun müddət səs çıxmaz, kimsə danışmaz, ağzına su alıb oturan adam da xeyli susmalı olardı. Bax beləcə bu frazeoloji ifadə də dilimizə düşüb.

Nə itirirsiniz ki, bu Novruz çərşənbələrində siz də sınayın, ağzınıza su alıb, fal tutun.



Комментарии (0)

Оставить комментарий