Koreyadan avtomobil alanlar necə aldadılır? - FOTOLAR
Avtomobil 45

Koreyadan avtomobil alanlar necə aldadılır? - FOTOLAR

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ötən illə müqayisədə 32% daha çox avtomobil gətirilib. Ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub ki, bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayından 17 684 ədəd avtomobil çoxdur. Ölkəyə gətirilən avtomobillər arasında ilk sırada Koreya və Amerika bazarlarıdır. 


“Operativ Media” xəbər verir ki, son zamanlar Koreyadan avtomobil alanlar arasında xeyli sayda aldadılanlar var. Amerika bazarından gətirilən avtomobillərin bir qayda olaraq sığorta keçmişi olduğundan bu avtomobillərin qəza halı və yürüş məsafəsini hər zaman yoxlamaq olur. Amma Koreya bazarında vəziyyət fərqlidir. Bəs Koreyadan avtomobil sifariş verənlər necə aldadılır?


Ölkədə Koreyadan avtomobil sifarişi həyata keçirən 100 dən çox şirkət var. Bu şirkətlər avtomobilləri Koreyanın üç bazarından seçirlər. Yalnız Koreya vətəndaşlarının alıb-sata bildiyi “Encar” satış platforması, bütün ölkələr üçün satışın mümkün olduğu “AutoWini” elan saytı və Koreyanın daxili bazarı. Nə qədər acınacaqlı olsa da, işbazlar vətəndaşlarımızı bu üç bazarın üçü vasitəsi ilə də aldadırlar.


“AutoWini” saytında avtomobil qiymətləri bütün platformalardan ucuzdur. Bu saytda əksər avtomobilin sığorta keçmişinə baxmaq mümkün olmadığından, sizə “bez kraska” adı ilə satılan avtomobilin ağır qəzasının olması da qaçınılmazdır. Avtomobilin yürüşünə gəldikdə isə “AutoWini” ən etibarsız platformadır. 30 min kilometr yürüşlə satılan avtomobilin Bakıda yoxlama zamanı həqiqi kilometrajının 280 min km olması halı az baş verməyib. Elan saytlarında digərlərindən ucuz təklif edilən Koreya istehsalı avtomobillər adətən bu platformadan alınır. Alıcı əksər hallarda sığorta keçmişinə baxa bilmədiyindən həqiqi kilometrajdan xəbərsiz olur. 


Koreyanın daxili bazarından satış həyata keçirənlər isə yalnız Koreyada nümayəndəsi olan şirkətlərdir. Burada da bir qayda olaraq taksi fəaliyyətində istifadə olunan, icarədə olan və kilometrajı orijinal olmayan avtomobillər az deyil. Avtomobilin qəzasız olduğunu göstərmək üçün müştəriyə yoxlama videoları göstərilir. Xüsusi cihazla avtomobilin detalları yoxlanır. Rəngin qalınlığına uyğun olaraq müştəri bilir ki, neçə detal kraskalanıb. Lakin burada da əmma var. Koreyada ustalar detalları nazik kraska ilə işlədiyindən cihaz həmin hissəni “bez kraska” kimi təyin edir. Avtomobil Bakıya gətirilən zaman isə məlum olur ki, bir neçə detal kraskalanıb və rəng fərqi özünü göstərir.


“Encar” platformasını Koreyadan avtomobil almaq üçün ən etibarlı platformalardan saymaq olar. Burada avtomobilin yürüş məsafəsi sığorta keçmişində göstərilən rəqəmlə eyni olur. Dəyişən detal və qəzaya görə verilən məbləğ tam göstərildiyindən artıq müştəri müəyyən edə bilir ki, avtomobilin qəzası hansı dərəcədədir. Lakin təəssüf ki, bəzi həmyerlilərimiz burada da dələduzluğun yeni metodunu tapıblar. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin birinin “Whatsapp” qrupunda olan elana baxaq.

Elanda deyilir ki, təklif olunan 2016 cı il Hyundai Elantra avtomobili qəzasız olaraq Bakı təhvil 8300 dollardır. Üstəlik avtomobilin sığorta keçmişində də qəzası olduğu göstərilir. Saytda axtarış verdikdə isə məlum olur ki, satan şəxsin təqdim etdiyi “sığorta keçmişi” sənədi başqa avtomobili aiddir. Müştəriyə təklif edilən avtomobilin isə arxa baqaj və qabaq kapotu, arxa və ön bumperi, sağ və sol krilosu diyişdirilib. Avtomobilin arxa hissəsində iki yerdə qaynaq işi görülüb. Ümumilikdə 4 qəza keçirən avtomobilin xərci 13 300 dollar (22 600) manat olub.


Koreyadan avtomobil almaq istəyənlər “Encar” saytından sığorta keçmişi açıq göstərilən avtomobilləri seçmələri tövsiyyə olunur.

Son xəbərlər