09
ноября
2018
18:29
Ermənistanın KTMT arzusuna TÜRK ZƏRBƏSİ və Azərbaycan üçün hazırlanan SƏNƏD
Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Astana sammiti Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə həllini tapması gözlənilən məsələlərdən biri yeni baş katibin təyinatı məsələsi idi. Yerevan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi.
KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
Sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi.
“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - deyə, Qazaxıstan lideri söyləyib.
Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salmışdır.
Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirmiş oldu. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə nümayiş etdirir.
Ümumiyyətlə, təsis olunmasından etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmamışdır. KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyildir.
Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar da vardır. Bu sənəd məhz Azərbaycan üçün hazırlanmışdır. Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilmişdir.(Publika.az)