03
августа
2018
17:10
Yol polisi yük avtomobili və avtobus sahiblərinə: 3 ay vaxt var
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı müraciət edir.
MAY.AZ xəbər verir ki, İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-ə qədər davam edəcək.
Bölmə rəisi bildirib ki, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində əməkdaşlar istirahət etmədən çalışırlar: "Yük avtomobili və avtobus sahiblərinə müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər. Xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".
Qeyd edək ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq.
Yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust - 31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.