15 min kənd təsərrüfatı texnikası yararsızdır - NAZİRLİK
Xeberler 677

15 min kənd təsərrüfatı texnikası yararsızdır - NAZİRLİK

15 min kənd təsərrüfatı texnikası yararsızdır - NAZİRLİK


“Ötən il 15 min kənd təsərrüfatı texnikasının nasaz olduğu aşkarlanıb. Bu barədə onların sahiblərinə məlumat verilib və həmin problemlər qısa müddətdə aradan qaldırılıb”.

MAY.AZ xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev deyib.

Onun sözlərinə görə, istismar müddəti başa çatmış texnikalar sahibkarlar tərəfindən istifadə edilir:

“Nasazlıq aşkarlanan texniki vasitələr əsasən sovet dövründən qalma vasitələrdir. Kənd təsərrüfatı texnikalarının nasazlığının aradan qaldırılması üçün mütəmadi tədbirlər görülür. Bütün bazalarda vaxtaşırı baxış keçirib, texnikanın yararlılıq vəziyyətinə nəzarət edirik. Hər hansı texniki vasitədə nasazlıq varsa, onun aradan qaldırılması üçün texnikanın sahibi və ya sahibkara bu barədə məlumat veririk. İstismar müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılan texnikanın sayı azdır. Ötən il təxminən 100 belə texnika qeydiyyatdan çıxıb. Lakin hələ də, istismar müddəti bitmiş texnikalardan istifadə edilir. Bu vasitələrdən istifadə isə yığımda itkiyə səbəb olur”.

A.Alıyev istismar müddəti başa çatmış texnikadan istifadənin bu sahədəki çatışmazlıqlarla əlaqədar olmadığını dedi:

“Fermerlər taxılı tez biçmək üçün istismar müddəti başa çatan texnikadan istifadə edir. Halbuki, növbəlilik rejimində məhsulu yığmağa çalışsalar, köhnə kombaynlardan istifadəyə də ehtiyac qalmaz. Ölkədə kənd təsərrüfatı texnikasının sayı bütün taxıl sahələrini biçmək üçün yetərlidir. Taxıl biçini adətən, 2-2.5 ay davam edir. Lakin fermerlər hamısı eyni vaxtda təxminən 1 aya bu işi yekunlaşdırmağa çalışır. Nəticədə yararsız texniki vasitələr bu işə cəlb edilir”.

A.Alıyevin sözlərinə görə, bu sahədə mövcud problemləri aradan qaldırmaq üçün ilin sonu növbəti ilin əvvəlində ölkəyə yeni kənd təsərrüfatı texniki vasitələrinin gətirilməsi planlaşdırılır:

“Növbəti taxıl biçininə qədər yeni texnikalar ölkəyə gətiriləcək. Həmin texniki vasitələr ən müasir tələblərə cavab verəcək”.

Son xəbərlər