"Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir" - Deputat
Xeberler 651

"Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir" - Deputat

"Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir" - Deputat


"Ölkədə baş verən son olaylar göstərdi ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr mövcuddur, ölkəmizin, dövlətimizin bütövlüyü və müstəqil siyasətinə qarşı ciddi təhdidlər var”.

MAY.AZ xəbər verir ki, sözləri modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, istər Gəncədə, istərsə də Sumqayıtda baş verən hadisələr təsadüfi deyil: "Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olur, ölkəmizin təşəbbüsü və iştirakı ilə bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə enerji layihələri, TAP, TANAP layihələri bir sıra qonşu dövlətləri qıcıqlandırır. Hesab edirəm ki, istər Gəncədəki, Sumqayıtdakı hadisələr, istərsə də Mingəçevirdə baş verənlər eyni mərkəzdən idarə olunurdu. Hər halda, DTX, hüquq-mühafizə orqanları məsələni araşdırırlar və hadisələrin əsl mahiyyəti də, günahkarları da üzə çıxacaq. Ancaq bir xalq olaraq bizim üçün ən önəmlisi dövlətimizin təhlükəsizliyi və müstəqilliyidir”.

V.Əhmədov qeyd edib ki, belə məqamlarda cəmiyyətin yetkinliyi, müasirliyi, məlumatlılığı, dünyada gedən prosesləri daha aydın anlaması və dövlətə dəstəyi çox vacibdir:

"Cəmiyyətin yanaşması da birdən-birə formalaşmır. Burada təhsil müəssisələrinin rolunu qeyd etməliyik. Hesab edirəm ki, Gəncə hadisələrindən, ümumilikdə gənclər arasında müxtəlif məzhəblərə meyilliliyin formalaşmasında müəyyən məsuliyyət də təhsilin üzərindədir. Müasir ədəbiyyatları, elmi yenilikləri izləyən, xarici dilləri yüksək səviyyədə mənimsəyən, novator, intellektual gənclik cəmiyyətdə, xüsusilə belə hadisələrdə sabitləşdirici rol oynayır. Təhsilimiz ölkənin, dünyanın inkişafına adekvat inkişaf etməlidir. Doğrudur, bu sahədə də müəyyən islahatlar həyata keçirilir, dəyişikliklər var, məsələn, son dövrlərdə BANM, ADA, UNEC ölkədə təhsilin inkişafına təkan verən dəyişikliklər həyata keçirir. Bu sıraya Qərbi Kaspi Universitetini də əlavə etmək olar. Hələ 90-cı illərdə Nazirlər Sovetində çalışanda bu universitetin yaxşı sorağı gəlirdi. İndi bu universitetdə də keyfiyyətli təhsilin təşkili ilə bağlı xəbərlərə çox tez-tez rast gəlirəm və bu, məni çox sevindirir. Bu cür müasir, keyfiyyətli təhsil verərək intellektual, iş yeri axtaran yox, iş yeri yaradan, tərəqqipərvər gəncliyi formalaşdıran təhsil ocaqları ümumilikdə həm ölkə təhsilinə, iqtisadiyyatına, həm də cəmiyyətimizə fayda verir. Yaxşı təhsil alan gənclik yaxşı cəmiyyəti formalaşdırır. Bu cür təhsil ocaqlarının sayı artmalıdır. Yalnız bu halda müasir, intellektual gəncliyin dominantlıq etdiyi cəmiyyətdə yaşaya bilərik. Adını çəkdiyim və çəkmədiyim yaxşı universitetlərin məzunları, şübhəsiz ki, bu cür hadisələrdə ictimai baryer rolunda çıxış edəcək”.

Son xəbərlər