17
июля
2018
19:28
Avtomobillərin qiyməti bahalaşıb
Yay aylarında avtomobil bazarında qiymətlərin kəskin artımı qeydə alınıb.
Bunu azvision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, avtomobil bazarında bahalaşma təklif portfelinin həcminin daralması ilə əlaqədardır.
"Yay aylarında bir çox avtomobil markalarında qiymətlərin artımı müşahidə edilir. Təklif portfelinin daralmasının səbəbi mövsümlə əlaqədardır. Belə ki, insanlar şəxsi avtomobillərindən daha çox turizm məqsədləri üçün istifadə edirlər. Bu səbəbdən maşınları bazara satışa çıxarmırlar. Buna görə də yay mövsümündə daha çox avtomobillərin qiymətinin artımını hiss olunur”.
Ekspert qeyd edib ki, qiymət artımı 5-10 faiz civarindadır. R.Osmanlı bahalaşmanın müvəqqəti olduğunu, mövsüm başa çatdıqdan sonra qiymətlərin bir qədər ucuzlaşacağını qeyd edib.
Qeyd edək ki, son günlər avtomobil bazarlarında durğunluq hökm sürür. Bazarda təklif çox olsa da, alıcı azdır. Buna səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Nisbətən ucuzlaşma isə kondisoneri olmayan avtomobillərin satışında müşahidə edilir. Ümumilikdə isə qiymətlərin qalxması bazarda durğunluq yaradıb.