"Tiktok" bağlansa da, hər kəs yenə oradadır: VPN-lər də bloklana bilərmi? - AÇIQLAMA
Xeberler 202

"Tiktok" bağlansa da, hər kəs yenə oradadır: VPN-lər də bloklana bilərmi? - AÇIQLAMA

"Çoxsaylı VPN-lər var, bunların arxasıyca qaçmaq, bunları izləmək özü də müxtəlif resusrlar tələb edir. Ona görə də bu, problemli işdir. Burada daha çox maarifçilik istiqamətində işlər aparmaq daha doğru olar".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
O açıqlamasında VPN-lərin də bloklanması ilə bağlı məsələlərə münasibət bildirib.
Ətraflı
Osman Gündüz qeyd edib ki, VPN-ləri bloklamaq böyük resurslar tələb edir: "VPN-in ziyanları, VPN-də olan risklər, istifadəçi üçün yaratdığı təhlükələr və s. bununla bağlı işlərin aparılması daha məqsədəuyğun olar. Çünki 100 minlərlə VPN var, onların içərisində elələri var ki, daha təhlükəlidir. Məsələn, erməni şirkətləri tərəfindən hazırlanan VPN-lər var, orada risklər daha çoxdur. Amma texniki cəhətdən VPN-ləri də bloklamaq mümkündür, amma onları izləmək, monitorinqini aparmaq və s. kimi işlər çox böyük resurslar tələb edir. Düşünürəm ki, bu da effektiv olmaz. Yəni maarifçilik yönümlü işlərin aparılması daha doğru olar".
Osman Gündüz həmçinin bildirib ki, VPN-lər şəxsi məlumatlar cəhətdən təhlükəlidir: "VPN ortada bir aralıq mərhələdir. Yəni ortada bir şirkət var, siz internetdə harasa müraciət edirsinizsə, o müraciət birbaşa getmir, hansısa şirkətin yardımı ilə gedir. O yardımı götürən şirkət VPN-dir. Sizi o yönləndirir. Orada da artıq risklər var. Məsələn, o ötürə bilər ki, bu istifadəçi hər gün bununla maraqlanır, maili budur, ünvanı budur. Yəni sizin bütün fəaliyyətiniz onda var. İndi bilmək olarmı ki, o sizin fəaliyyətiniz haqqında məlumatı başqa tərəfə verir, yoxsa yox? Adətən VPN-lərin 99, 100 faizi deyir ki, biz vermirik. Amma kim inana bilər ona. Əgər burada belə məcburiyyət varsa, daha oturuşmuş daha tanınmış və pullu xidmət göstərən VPN-lərdən istifadə etmək daha az risk yaradır. Elə VPN-lər var ki, ödənişlidir və onlar digərlərindən daha dayanıqlı, təhlükəsiz hesab oluna bilər".

Son xəbərlər