Xəstənin ayağını səhv kəsən həkim və klinikanın direktoru işdən azad olundu
Hadisə 1 005

Xəstənin ayağını səhv kəsən həkim və klinikanın direktoru işdən azad olundu

Xəstənin ayağını səhv kəsən həkim və klinikanın direktoru işdən azad olundu

Bu gün Səhiyyə Nazirliyinin Kollegiya iclasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində ötən ayın 26-da vətəndaş Məmmədova Tərlan Həsən qızının cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.

May.Az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyindən Lent.az-a məlumat verilib. Nazirliyin sərəncamına əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılıb. Komissiyada vurğulanıb ki, aparılmış kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq iyunun 23-də mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.

Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.

Kollegiyanın qərarına əsasən Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib. Mətbuat xidməti Angioloji Mərkəzin direktoru vəzifəsinə müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunmasını təsdiqləyib.

Həmçinin o da vurğulanıb ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcək.

Son xəbərlər