04
июля
2018
09:48
Bakıda metro işləmir, avtobuslar sərnişinləri pulsuz daşıyır - FOTO
03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
BAKU.WS xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə
məlumata görə, iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.
Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb.
Bütün metrostansiyaların çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib.
Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib. Görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində qısa vaxtda metrostansiyaların ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb.
Həmçinin, Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib. Bu məqsədlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 20 ədəd iritutumlu avtobus cəlb edilib.
Gecə saatlarında zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınmasını həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri hazır vəziyyətdə saxlanılıb.
Məlumat üçün bildiririk ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından, Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək. Bunu nəzərə alaraq, 04 iyul 2018-ci il tarixində də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.
Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi, eyni zamanda digər zəruri tədbirlərin vaxtında icrasının təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib.
Bir daha bəyan edirik ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC koordinasiyalı şəkildə fəaliyyət göstərir. Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik.